[b]“Azəryol” revanş arzusunda[/b]
10.02.2015 - 10:42
[b]“Azəryol” revanş arzusunda[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən Azərbaycanın yeganə təmsilçisi “Azəryol” meydana sabah çıxacaq.

 

1 illik fasilədən sonra qrup mərhələsini adlayan Bakı klubu İtaliya “Yamamay”ını qəbul edəcək. Görüşün gərgin keçəcəyi sözsüzdü. Çünki “Azəryol” avrokuboklarda əzəli rəqiblərindən olan “Yamamay”ı Bakıdan darmadağınla yola salmaq arzusundadı.

 

Aleksandr Çervyakovun yetirmələri Busto Arsizo təmsilçisindən son 2 mövsümdə aldığı məğlubiyyətlərin də revanşını çıxmağı hədəfləyib. Belə ki, voleybolçularımız “Yamamay”ın 2012/2013 mövsümündə komandanın “Azərreyl” adlanan vaxtı “Qızıl set”də “Dördlər finalı”na gedən yolunu, həmçinin 1 il sonra pley-offa yüksəlməsinə mane olmasının cavabını vermək üçün meydana çıxacaqlarını açıqlayıblar. Bununla yanaşı, qələbə komandamız üçün əlavə stimul olacaq.

 

Çünki cavab qarşılaşması fevralın 18-də səfərdə keçiriləcəyindən paytaxt klubu mütləq qələbə qazanmalıdı. Belə olarsa, “Azəryol” Busto Arsizioda əsas oyunu uduzacağı halda “Qızıl set”ə ümid bağlayacaq. Məğlubiyyət isə təmsilçimizə baha başa gələ bilər. Çünki İtaliyada ən çılğın azarkeş ordusuna malik “Yamamay”ın müqavimətini qırmaq heç də asan olmur.

 

 

Çempionlar Liqası

11 fevral

I pley-off mərhələsi, ilk oyunlar

18:00. “Azəryol” (Azərbaycan) – “Yamamay” (İtaliya)

Hakimlər: Pyotr Dudek (Polşa), Salvis Kurtiss (Latviya)

Bakı, Voleybol Mərkəzi