“İqtisadçı”ya hər 2 oyunda 3:1 hesabı ilə qalib gəldiyimiz üçün çox sevinirik. Yaxşı oynadıq və bu qələbə görülən işin nəticəsidir”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib.
Təcrübəli braziliyalı mütəxəssis Azərbaycan Super Liqasının pley-off oyunlarını və final barədə fikirlərini açıqlayıb. O bildirib ki, ötən il gümüş medalı yarı böldükləri “İqtisadçı”ya qarşı layiqli mübarizə aparıblar: “İkinci oyunda çox yaxşı taktika nümayiş etdirdik. Qazandığımız xalların 16-sını blokda aktivimizə yazdıq. Bütün qızlarımız fiziki cəhətdən heç bir problem yaşamadan oynamağa hazırdır”.
Vercesinin sözlərinə görə, “Rabitə” ilə final görüşü daha gərgin keçəcək. O, çempionluq üçün sonacan vuruşacaqlarını, reqlamentə uyğun 3 qələbə üçün döyüşəcəklərini vurğulayıb: “Finalda “Rabitə” ilə oyunda gücümüzü göstərməliyik. Bilirik ki, cütün favoriti onlardır. Lakin bu matçlarda biz də nəsə yaxşı bir şey göstərmək istəyirik. İndi qələbənin sevincini yaşasaq da, növbəti matça qədər olan müddətdə üzərimizdə olan bütün yükü atmalıyıq. Həmin duellərdə 5 görüşdən 3-də qalib gəlməliyik ki, çempion olaq”.
Qeyd edək ki, final oyunlarına aprelin 14-də start veriləcək.