Sanya Staroviç: O qədər enerjiliyəm ki...
11.03.2014 - 10:41
Sanya Staroviç: O qədər enerjiliyəm ki...

“Rabitə”nin voleybolçusu Sanya Staroviç martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin serbiyalı kapitanı 3-cü cəhddə kuboku qazanacaqlarına ümid edir.

 

O bildirib ki, 2011-ci və 2013-cü illərdə finalda uduzsalar da, bu dəfə belə olmayacaq. Təcrübəli hücumçu yarımfinalda Kazan “Dinamo”sunu, ardınca həlledici görüşdə “Vakıfbank” – “Əczaçıbaşı” (hər ikisi Türkiyə) cütünün güclüsünü də Bakıdan əliboş yola salacaqlarına inanır.

 

Staroviçin sözlərinə görə, mövsümün gedişində zədədən əziyyət çəksə də, artıq hər şey arxada qalıb: “Hazırlıq prosesində müəyyən çətinliklərlə üzləşdim. Hələ ötən ildən qalan zədəm bir qədər əziyyət verdi. Amma hazırda özümü əla hiss edirəm. O qədər enerjiliyəm ki, “Dördlər finalı”nın startını gözləməyə belə səbrim çatmır”.

 

“Rabitə”nin kapitanı rəqiblərin gücünü də müqayisə edib: “Bakıya gələcək komandalar arasında ən güclüləri Türkiyənin klublarıdır. Lakin fikrimcə, biz onlardan da güclüyük. Rəqiblərimizin oyunlarını təhlil edib, onları daha yaxşı öyrənməyə çox çalışmışıq. Bunun nəticəsində “Dördlər finalı”nın iştirakçılarının bəzi çatışmazlıqlarını da üzə çıxarmışıq. Ümid edirəm ki, biz burada qazanacağımız uğuru azarkeşlərimizə və Azərbaycana həsr edəcəyik”.

0