Misli Premyer Liqasında 2-ci oyun gününün 2-ci matçı Masazırda, "Bank Respublika Arena"da baş tutacaq.
Apasport.az xəbər verir ki, "Sabah" doğma divarlar arasında "Zirə"ni qəbul edəcək.
Addım-addım çempionluğa gedən Dambrauskasın komandası vacib matçdan 3 xalla ayrılaraq dərindən nəfəs almaq istəyir. "Qarabağ"la xal fərqini qoruyub saxlamağa çalışan "bayquşlar" meydana qələbə andı ilə çıxacaq.
"Zirə"də isə hədəflər avrokuboka vəsiqə qazanmaqdır. Rəşad Sadıqovun yetirmələri hər nə qədər 4-cü pillədə qərarlaşmış olsa da mümkün xal itkisində öz yerindən ola bilər. Belə ki, komandanı 5-ci pillədəki "Neftçi" ilə cəmi 3 xal ayırır. Xatırlatmaqda fayda var ki, "Neftçi"nin hələ bir oyunu da ehtiyatdadır. Bu səbəbdən "qartallar" da Masazırdan Zirəyə xallarla qayıtmaq istəyəcək.
Bu maraqlı qarşılaşma saat 18:00-da start götürəcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
18:00. "Sabah" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Masazır. "Bank Respublika Arena".