Misli Premyer Liqasının XV turunda günün son oyunu "Turan Tovuz" və "Sumqayıt" üz-üzə gəlib: 2:2
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. Daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Oyunun gərgin keçəcəyi məlum oldu. Amma təəssüf ki, ilk yarıda iki-üç hücum etdilər, ikisi qapımızda qolla yekunlaşdı. Halbuki, bizim hücumumuz var idi, o qolla nəticələnmədi, amma qapımızdan qol buraxdıq. 0:2-dən sonra fasilədə futbolçulara demişdim ki, oyunu davam etdirmək lazımdır. Uşaqlar ruhdan düşmədi, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdi. Bir xal çətin durumda uşaqlara inam gətirəcək. Qarşıdan çətin matçlar gəlir".
- Ayxan Hüseynovun durumu necədir?
- Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Görək də. Artıq çəkisi yoxdur. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədir ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Yəqin forması da dardır, razmeri böyütmək lazımdır. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdür.
- İlk yarıda arxaya çox oynayırdız. Bu rəqibin təzyiqindən irəli gəlirdi, yoxsa tapşırıq belə olmuşdu?
- Arxaya oynamağı öncədən planlaşdıra bilmərik. "Sumqayıt" kompakt müdafiə olunurdu. Cinahlardan asmalar istədiyimiz kimi olmadı. Hesab rəqibi məcbur edirdi ki, ehtiyatlı oynasın. İki hücum etdilər, iki qol vurdular. Onlar qol buraxmaq istəmirdi. "Sumqayıt" ən yaxşı formada olan komandadır. Son beş oyunda uduzmurlar. Bunları bilirdik. "Sumqayıt" kimi komanda ilə oyunda bu qədər əldə etmək, o qədər də asan deyil.
- 2:2 hesablı heç-heçəni üç xala bərabər sayırsız? Fasilədə uşaqlara necə motivasiya verdiz?
- "Qəbələ" ilə oyundan sonra futbolçularıma ən böyük iradım o idi ki, geri dönüş edə bilmirik. Bu məni məyus edir. Komandamın xarakterinə bələdəm. "Qəbələ" ilə oyundan sonra futbolçular bu haqda daha çox danışmışdım. Fasilədə bildirdim ki, ilk beş dəqiqədə qol vursaq, qalib gələcəyik. Otto Conun iki epizodunda necə qol olmadı, çox heyf. Amma futbolçularımın istəyini görürdüm. Həftə boyu da yaxşı hazırlaşmışdıq.
- Mövsümün əvvəlində Martin Petkov tapıntı hesab edilirdi. Ancaq sonradan onun performansında eniş yaşandı, ehtiyatda qalır. Səbəbi nədir?
- Petkov çox potensiallı futbolçudur. Zədəsi oldu və özünə aid problemləri də var. Biz onun yanındayıq. İnanın ki, Martin özünə yavaş-yavaş gəlməyə başlayır. Bir ara çox pis idi. Gəncdir. Düzdür, altı ay legioner həyatı yaşayıb. Amma ona adaptasiya prosesində kömək etməliyik. Hər zaman istəyirik ki, komandada rəqabət olsun. Belə matçlarda bir hücumçu da olsa, meydana buraxardım. İl boyu hər oyunçunun enişi, yüksəlişi olacaq. Futbolçu robot deyil ki, hər zaman stabil oynasın.
- Qışda transferlər olacaq?
- Son oyunlardan sonra yəqin ki, rəhbərliklə oturub ümumi müzakirə edəcəyik. Turnir cədvəlinə və imkanlarımıza baxacağıq. Zədəlilərimiz də var, onlar da özünə gəlməlidir. İstədiyimiz futbolçunu tapa bilsək, müzakirə edəcəyik. Futbolçunu altı ay üçün transfer etmək istəmirik.
- "Turan Tovuz" bir müddət əvvəl hakimliklə bağlı etiraz tipli bəyanət yaymışdı. Ondan sonra müsbətə doğru dəyişiklik hiss edirsiz?
- Nəticəyə təsir edən səhvlər olmayıb. Etirazımız o vaxt olub ki, hakimin qərarı nəticəyə təsir edib. Amma şükürlər olsun ki, son oyunlarda bu yoxdur.
- Budaq Nəsirova şans verərək komandaya qaytardız. Onunla üç illik müqavilə imzaladız. Onun haqda fikriniz necədir?
- Budaq yaddan çıxmışdı və heç kimin yadına düşmürdü. Biz klub olaraq, Tovuz futbolunun yetirməsi kimi Budaqa bu şansı verdik. 2019-cu ildən bu yana oynamırdı deyirik. Amma həmin ilə qədər onun neçə oyunu var? Bunu da müzakirə etmək ikinci plandır. Budaq Portuqaliyada elə də yaxşı sezon keçirmədi, az oynadı. Bu gün onu geri qaytardıq, vaxt lazımdır. Azarkeşin fikri fərqli ola bilər. Hər kəsə kənardan başqa cür görünür. O, hazır olanda meydanda görünəcək. Kubokda şans düşdü, verdik. Əvəzedici heyətə gedir, oynayır. Amma hələ ki, ondan onu ala bilmirik. Onun üçün də çətindir. Bəlkə də, onun üçün mütəmadi oynamaq daha yaxşı olardı. Bunu da müzakirə edəcəyik. Budaqı böyük futbola qaytarmaq istəyirik. Onun özündən də, çox şey asılıdır. O, xarakterini də dəyişməlidir. Biz ona kömək ediriksə, özü də özünə kömək etməlidir. Budaq tam hələ hazır deyil.
- Qış toplanışına gedəcək?
- Təəssüf. Türkiyəyə girişi qadağandır deyə, apara bilməyəcəyik. Yayda da, buna görə biizmlə gedə bilmədi. Budaqın o qədər çətin durumları var ki, biz ona ancaq dəstək oluruq. Səfirliyə yayda müraciət etdik. Amma Türkiyədə çox qalmışdı deyə, deport etmişdilər. Yenə də müraciət edəcəyik. Təbii ki, biz bir futbolçu da qazanmaq istəyirik. Amma özündən də çox şey asılıdır. Hansısa klub onu görmək istəsə, Budaqın özü ilə onu müzakirə edə bilərik. Bəzi oyunçularımız icarədə oynayır. Birinci liqada da çox yaxşı çıxış edirlər. Bu da bizi sevindirir. Birinci və İkinci Liqadakı komandalar Premyer Liqa təmsilçilərinə qarşı müqavimət göstərmək istəyir. Birdən-birə komanda sayı da arta bilər. Futbolçu qıtlığı var, hamı hazır olmalıdır. Faiq Hacıyev "Turan Tovuz"da birinci liqada çıxış edirdi. O, günü-gündən inkişaf edir. Gələcəkdə milliyə namizədlərdən olsa, təəccüblənməyəcəm. Bu gün yerli sağ cinah müdafiəçisi nə qədər var? Futbolçu oynamalıdır.
- "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi komandaya gətirmək istəyirdiz. Nə yerdə qaldı bu məsələ?
- Söhbətimiz olmuşdu. Klub da razılıq vermişdi. Ceyhun özü bir az gözləməyi məsləhət gördü. O da potensiallıdır. Rəhbərliklə oturub fikirləşirik. U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik. Amma təəssüf ki, gətirmək çətindir. Çünki iddialı komandalarda oynayır. Bəzən futbolçuların özü həmin klublardan getmək istəmir. Veysəl Rzayev icarədə çıxış edir, əsas oyunçumuzdur. Bu gün Veysəl qazanır.