Əfran İsmayılov: "Şahruddin Azərbaycanın bir nömrəli qapıçısıdır" - MÜSAHİBƏ
31.07.2023 - 17:22
Əfran İsmayılov: "Şahruddin Azərbaycanın bir nömrəli qapıçısıdır" - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi 

- "Qarabağ" ilk matçda "Rakov"a 2:3 hesabı ilə uduzdu. Sənin üçün matç necə keçdi və belə olacağını ehtimal edirdin?
- Bilirdik ki, çətin rəqibdir. Asan olmayacağı dəqiq idi. "Qarabağ" yoldaşlıq görüşündə "Rakuv"a uduzmuşdu. Yoldaşlıq görüşü olsa da, hər halda, həmin məğlubiyyət bu dəfəki matça təsir edəcəkdi. Ümumilikdə, maraqlı oyun getdi. Fikirləşirdim ki, bərabərsəviyyəli oyun gedəcək, şansların kim istifadə edəcək, qələbə qazanaq. "Rakuv" daha yaxşı istifadə etdi və qalib gəldi.

- Daha çox yaddaqalan Şahruddin Məhəmmədəliyevin səhvləri oldu. Onun haqda hansı fikirdəsən?
- Məndə də belə səhvlər çox olub. Futbolçularda da belə səhvlər baş verir. Matç elədir ki, biri səhv edir, o biri qol vurur. "Rakuv"un da oyunçusu səhv etdi, biz qol vurduq. Belə şeylər olur. Buna görə heç kimi qınamağa dəyməz. Şahruddinin daim səhv etdiyini deməzdim. Bir ildən bir, ya 2 ildən bir dəfə edir, bu da başa düşüləndir. Şahruddinin köməyi, komandaya olan yardımı çox böyükdür. Onları unutmaq olmaz. Həmişə Şahruddinin yanındayam, demişəm ki, o, Azərbaycanın bir nömrəli qapıçısıdır.

- "Qarabağ"ın qarşısına daha güclü "Rakuv" çıxacağını gözləyirdik. Sən özün də, daha güclü "Rakuv" gözləyirdin, yoxsa elə güclü rəqib idi?
- Nə qədər güclü olsa da, fikirləşirdim ki, "Qarabağ"ın onlara qarşı rahat oynayacaq. Düşünürdüm ki, "Qarabağ" istədiyi oyunu oynasa, qalib gələcək. Ola bilər, birinci matçda çatışmazlıqlar baş verdi. Amma inanıram ki, rəqibi yaxşı analiz edib evdəki qarşılaşmanı rahat oynayıb, qalib gələcəklər.

- "Qarabağ"ın son 2 mövsümdəki heyəti çox tez-tez müqayisə edilir. Səncə, hansı daha güclüdür?
- Ötən mövsüm "Qarabağ" daha güclü idi. Bu, dəqiq belədir. İndi bir az axsamaları var. Bunu dərhal görmək olur. Hücumda, yarımmüdafiədə axsamalar sezilir. Ən yaxşısını Qurban Qurbanov bilir. Biz kənardan azarkeş, mütəxəssis kimi fikrimizi söyləyərik. Amma Qurban müəllim komandanın içindədir, daha yaxşı bilir. Oyunçu axtarıb-tapmağın nə qədər çətin olduğunu da yaxşı anlayıram. Eləsi var gəlir, eləsi var gəlmir. Çox çətinliklər var. Ona görə hər şeyi başa düşürəm. Məşqçilər, menecerlər hər şeyi yaxşı analiz edirlər, inanıram ki, ən doğru seçimi edəcəklər və "Qarabağ" daha güclü olacaq.

- Bəs, bu mövsümkü heyətdə çatışmazlıqlar hansılardır? Hansı mövqelər güclənməlidir?
- Məncə, hücum və yarımmüdafiə xətti güclənməlidir. Ola bilər ki, müdafiənin cinahlarında da axsamalar olur. Məsələn, bu mövqedə biri zədələnəndə, ikinci oyunçu tapmaq çətin olur. 

- "Qarabağ"ın Bakıda "Rakuv"a qalib gələcəyini ehtimal edirsən? Səncə, BOS-da "Qarabağ" rəqibinə hansı yolla və necə qələbə qazana bilər?
- İnanıram ki, "Qarabağ" Bakıda qalib gələcək. Ümidlərimiz çoxdur. Hamımız dua və arzu edirik ki, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsün, tarix təkrarlansın. İnanıram ki, "Qarabağ" istədiyi oyunu göstərsə, "Rakuv"u keçəcək. BOS-da fərqli nəticə olacağına inanıram. Çünki "Qarabağ" həqiqətən yaxşı futbol oynayır.

writer photo
Əlirza Əlirzalı
0