Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
23.10.2023 - 16:16
Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ

Ukraynanın “Polesye” klubunun futbolçusu Emil Mustafayevin apasport.az saytına müsahibəsi

- "Polesye"nin heyətində Ukrayna çempionatında işləriniz necə gedir? Komanda hazırda turnir cədvəlində ikincidir. Liderlik şanslarınızı necə dəyərləndirirsiz?
- Komandamız hazırda çempionatda irəliləyişdədir. Buna görə çox sevinirəm. Məncə, komanda eyni cür davam edərsə, hətta Ukrayna çempionluğu mübarizəsində də yer ala bilərik. Bu, tam realdır. 

- "Polesye" ilə Ukrayna çempionluğunu yaşamağınız realdır?
- Bu mövsüm Ukraynada komandalar aşağı-yuxarı eyni səviyyədədir. Əgər biz hər oyundan-oyuna inkişaf etsək, indiki futbolumuzu növbəti turlarda da nümayiş etdirsək, o zaman çempionluq çox da əlçatmaz olmayacaq. Ancaq indidən nəsə deməyək. Gözləyək, görək necə olacaq. Biz sadəcə oyunlarımıza konsentrasiya oluruq.

- "Polesye"dəki çıxışınız karyeranızın pik səviyyəsidir, yoxsa özünüzü Avropada daha yaxşı liqalarda, klublarda sınayacaqsız? Üç-dörd ildən sonra özünüzü harada görmək istəyirsiz?
- Məncə, bütün futbolçular Avropada oynamağı xəyal edir. Xəyallarını gerçəkləşdirmək üçün daha çox çalışmaq lazımdır. Düzü, indiki oyun dəqiqələrim o qədər çox deyil deyə, potensialımın 100 faizini aça bilmirəm. Demək ki, ikiqat daha çox işləmək lazımdır. 

- Oynadığınız komanda liderlər sırasındadır və siz də meydana tez-tez çıxırsız. Belə davam edərsə, Ukrayna millisinə dəvət olunmaq ehtimalınız yüksək olacaq?
- Mən lap əvvəldən Azərbaycan millisində oynamaq istəyirəm. İndi də millimin şərəfini qorumaq niyyətindəyəm. U-21 yığmasına da bunun üçün oynamağı qəbul etmişdim. Yenə də Azərbaycan millisində oynamaq istəyindəyəm. 

- Uzun müddətdir ki, Azərbaycan millisinə nəyə görə cəlb olunmadığınız müzakirə edilir. Azərbaycan millisinə dəvət edilməməyinizin səbəbini nədə görürsüz? Niyə millidə yoxsuz?
- Bayaq dediyim kimi, "Polesye"də oyun dəqiqələrim çox deyil. Məncə, Azərbaycan millisinə dəvət edilməməyimin əsas səbəblərindən biri də budur. Başqa problem, başqa səbəb olmadığını düşünürəm.

- Azərbaycan millisinə dəvət edilmirsiz, ancaq bu anda Ukrayna yığmasından dəvət gələrsə, hansı cavabı verəcəksiz? Bildiyim qədərilə, özünüz Azərbaycan millisində oynamaq istəyirsiz. AFFA dəvət etməsə, Ukraynada oynayacaqsız?
- İstəyimi sizə bildirdim. Amma düzünü deyim, Ukrayna millisindən dəvət daha tez gələcəksə, mən bundan imtina etməyəcəm.
 

writer photo
Əlirza Əlirzalı
0