Laurentsiu Regekampf: “Neftçi"də geridönüş üçün güc var" - MÜSAHİBƏ
19.04.2023 - 18:18
Laurentsiu Regekampf: “Neftçi"də geridönüş üçün güc var" - MÜSAHİBƏ

“Oyunumuz və nəticədən narazı qaldım”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Turan Tovuz”la oyundan sonra mətbuat konfransına qatılıb. O, Tovuzdakı səfər görüşü barədə fikirlərini açıqlayıb: “Matçı çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Çox futbolçu var ki, öz səviyyəsinə gəlib çata bilmədilər. Bu haqda düşünməliyik. Bir neçə günümüz var ki, çempionat oyunumuza hazırlaşaq, daha sonra "Turan Tovuz"la cavab görüşünə çıxaq. Bugünkü gündə yaxşı görünmürük. Amma hər şey növbəti oyun üçün açıqdır. Futbolçularıma inanıram və onlara 100 faiz etibar edirəm. Onlar cavab oyununda nəticəni dəyişəcəklər, öz səviyyələrində çıxış edib, bizi finala daşıyacaqlar".

- Sizcə, nəyə görə komanda yaxşı görünmürdü?
- Çoxlu səbəbləri ola bilər. Ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Oyunçularımla çox söhbət edirəm. Çalışıram ki, onlarla danışım və meydança haqda düşünməsinlər. Amma səbəb axtarmaq lazım deyil. Bu gün yaxşı oynamadıq. Ən azından yaxşı oynamasan da, döyüşməli, mübarizə aparmalısan. Cavab görüşündə başqa üzümüzü göstərməli olacağıq.

- Hücumda dişsizlik var idi. Son dəqiqələri nəzərə almasaq, adət etdiyimiz "Neftçi"ni görmədik...
- Bəli, elədir. Mən də bunu dedim. Sadə oynamadıq. Buna görə də oyunu çətinləşdirdik. Bir-iki toxunuşla oynadığımız epizodlarda təhlükəli idik.

- "Turan Tovuz" nəyə görə qalib gəldi?
- Matçdan sonra futbolçularımla söhbət etdim. Onlara bildirdim ki, çox danışmalı və səbəb axtarmalı deyillər. Çünki onlar "Turan Tovuz"un etdiklərini edə bilmədilər. Rəqib mübarizə apardı, qaçdı, hər top uğrunda “döyüşdü”. Top onlarda olanda sadə və uzun oynayırdılar. Bu, onların üslubudur, bunu da bilirdik. "Turan Tovuz" bundan şans yaratdılar, onlar öz oyunlarına inanırlar və şansdan da istifadə edirlər. Cavab oyununa hazır olmalıyıq. Daha çox konsentrasiyaya fikir verməliyik. Əminəm ki, komandam geridönüş etmək üçün kifayət qədər güc var. Bu cür situasiyalara artıq öyrəşmişik. Belə oyunlarımız çox olub. İnanıram ki, bir daha geridönüş edəcəyik.

- Üç gündən sonra "Səbail"lə matçda yenə də süni örtüklü meydanda oyuna çıxacaqsınız. Düşünmək olar ki, əsas gücünüzü cavab oyununa saxlayacaqsız?
- Mən hazırda bu suala cavab verə bilmərəm. Çünki Bakıya qayıdanda vaxtımız olacaq. Sabah da məşqimizdir. Hansı oyunçularımızda problem varsa, ona baxmalıyıq. Üç gün ərzində kim növbəti matça hazır olacaq, ona fikir verəcəyik. "Səbail"lə oyuna əlimizdə olan ən yaxşı heyəti buraxacağıq. Komandada kifayət qədər futbolçu var. Asanlıqla üç gündən bir oyun oynaya bilərlər.

- Bugünkü atmosferi Rumıniyadakı əyalət komandalarının atmosferi ilə necə müqayisə edərdiz?
- Mükəmməl atmosfer var idi. Onları təbrik edirəm. Çünki azarkeşlər 12-ci oyunçu kimi çıxış etdilər. Stadionlarda bunu görmək çox gözəldir. Əlbəttə ki, bu cür komandalar, bu cür publika ilə oynayanda onlara daha da rahat olur. Rumıniyada kifayət qədər stadionda bu cür atmosfer var.

- Birinci hissənin axırında ləğv edilən penalti epizoduna baxdınız?
- Epizodu görməmişəm. Çünki oyundan sonra futbolçularımla danışmalı oldum. Bircə onu deyə bilərəm ki, penalti epizoduna görə oyun saxlanılmasaydı, top Eminin qabağına düşmüşdü... Mahmudov da təhlükəli vəziyyət yaradıb, qol da vura bilərdi. Daha yaxşı olardı ki, epizodun bitməsinə imkan verilsin. Qol olmasaydı, VAR-a müraciət edib, penaltinin olub-olmadığına baxardılar. Çünki top bizə gəldi, hakim oyunu dayandırdı. Şərh etmək istəmirəm.

- Cavab qarşılaşmasında komanda ilk dəqiqələrdən hücuma keçəcək, yoxsa ehtiyatlı oynayaraq şansınızı gözləyəcək?
- Biz növbəti mərhələyə vəsiqə qazanmalıyıq. Bunun üçün də qollar vurmaq lazımdır. "Bakcell Arena"da nələrin baş verəcəyini bilirik. Çünki ora gələn komandalar futbol oynamağa çalışır. "Turan Tovuz" müdafiə olunsa belə, nə isə etməyə çalışacaq. Öz oyunumuzu göstərmək istəyirik ki, finala vəsiqə qazanaq.

- Nəyə görə inanırsız ki, komandanız 100 faiz finala çıxacaq?
- Mən dedim ki, oyunçularım evdə tamamilə başqa oyun göstərəcəyini 100 faiz əminliklə söyləyə bilərəm. Onların səviyyəsinə 100 faiz inanıram. Yaxşı oyunçularımız var, onlar yaxşı səviyyədədir. Normal meydançada oynayacaqlar. Orada istədiklərini edə biləcəklər. Amma futboldur da. Eyni anda "Turan Tovuz"un da şansları olacaq. Mən öz komandam haqda danışıram. 100 faiz əminəm ki, futbolçularım geridönüş yaradacaqlar. Bu o deməkdir ki, onlar bir qol vurmalıdır. Ondan sonra necə olacağını görəcəyik.

Qeyd edək ki, “Neftçi” səfərdə 0:1 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0