Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri Nazim Əliyevin apasport.az saytına müsahibəsi
- Azərbaycanda çalışan əcnəbi məşqçilər böyük ümidlərlə gətirilsə də, komandalarına uğur qazandıra bilmir. Sizcə, yerli məşqçilərimizin təcrübəsinə güvənmək daha faydalı olmaz?
- Azərbaycan çempionatı başlayandan yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub. Qurban Qurbanov 10 ildir komandanın “sükanı arxası”ndadır. “Qarabağ” onun rəhbərliyi altında uğurla oynayır. Əlbəttə ki, legioner məşqçiləri də mütəxəssis kimi qəbul edirik. Ancaq onların komandanı öyrənməsinə xeyli vaxt lazım olur.
- “Qarabağ”dan söz düşmüşkən, Ağdam klubu “Bayer”lə ev oyununda istədiyinə nail ola bilər? Təmsilçimizin nəyin hesabına xal qazanması mümkündür?
- "Qarabağ" üçün ağır oyun amili yoxdur. Komanda bir çox rəqiblərin başağrısına çevrilib. İndi də "Bayer"ə çətinlik yaşatmağa çalışacaq. Düzdür, çempionatların səviyyəsi arasında fərq böyükdür. Lakin bu fərq hər şey demək deyil. "Qarabağ" istədiyi vaxt nəticə əldə edə bilən komandadır
- Premyer Liqada bombardirlər siyahısına baxsaq, ən azı 4 qol vuran 6 futbolçudan yalnız biri yerli oyunçudur. Azərbaycan çempionatlarının ən yaxşı bombardiri kimi bu durumu necə qiymətləndirirsiz? Çempionatda yaxşı yerli hücumçu yoxdur, yoxsa onlara şans az verilir?
- Var, amma şans verilmir. Hər komanda legioner alanda ilk növbədə hücumçulara üstünlük verir. Bizim də yaxşı hücumçularımız var. Təəssüf ki, Musa Qurbanlı, Mahir Emreli xarici klublarda oynadığından Premyer Liqada iştirak etmirlər. Bu, bir tərəfdən də milli komanda üçün yaxşıdır.
- Niyə indiki Azərbaycan futbolunda Nazim Əliyev kimi bombardirlər yoxdur?
- Bombardir ola bilər, amma komandalar çox deyil. İlk növbədə komandaların sayında artım olmalıdır. Düzdür, bu il artım oldu. Kimsə deyə bilməz ki, komandaların çoxu zəifdir. Hamısında bir-birindən güclü oyunçular var. Fikrimcə, hər il klub sayını iki-iki artırsalar, daha çox Azərbaycan futbolçusuna şans verilər. Milli komandamız da bundan yararlanar.
- Gələn həftə millinin oyunları keçiriləcək. Komandamız əvvəl İsveç, sonra Belçika ilə görüşəcək. Yığma seçmə mərhələdəki xal sayını artıra bilər?
- Əlbəttə ki, artıra bilər. Milli komanda öz azarkeşlərimizin önündə yaxşı oyun sərgiləyir. Əgər azarkeşlərimiz də milliyə dəstək olsa, komandamız xallarını artıra bilər.
- Millinin baş məşqçisi Canni de Byazinin işini necə qiymətləndirirsiz? Sizcə, bu seçmə mərhələdən sonra da onu saxlamağa dəyər, yoxsa yeni mütəxəssisə ehtiyac var? Bu posta kimi namizəd görürsüz?
- Canni De Biyazi elə-belə məşqçi deyil. Oyunçuları tanımaq üçün çalışır və istəyir ki, nəyəsə nail olsun. Buna isə vaxt lazımdır. Həmin vaxtdan istifadə edib komandanı bir yerə toplaya, öz istədiyi oyunçuları da komandaya cəlb edə bilər. Bundan sonra millimiz daha yaxşı oyun nümayiş etdirər. Bizim baş məşqçi seçməyimiz, kimisə namizəd deməyimiz düzgün olmaz.