“Neftçi”dən 500-cü qələbə
13.03.2023 - 11:09
“Neftçi”dən 500-cü qələbə

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, yubiley Misli Premyer Liqasının XXVI turuna təsadüf edib. 

“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. 

Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib. Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0