Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Ludoqorets" oyunundan öncə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Çox vacib oyuna çıxacağıq. Bizi yaxşı oyun gözləyir. Çünki yaxşı təcrübəsi olan, ayrılıqda oyunçuların fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Futbolçularımı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq, tam istədiyimiz kimi hazırlaşa bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Oyunçularım hər oyundan-oyuna daha yaxşı oyun göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq.
- "Ludoqorets" səfər matçlarında uduzub. Bu sizin üçün nəsə deyir?
- Xeyr. Mərhələ iki oyundan ibarətdir. "Ludoqorets"in oyununa baxanda, oyunçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda, lazım olanı edə bilir. Bu da məni çox cəlb etdi. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə hardasa bir az qeyri-ciddilik olub komandada. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar.
- Elvin Cəfərquliyev "Araz-Naxçıvan"la matçda da qırmızı vərəqə ilə cəzalandırıldı. Bu dəfə şans versəz, hazırdır?
- Onun qırmızı vərəqəsini çox da müzakirə etməyə ehtiyac yoxdur. Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu çox vacibdir. Çünki futbol kollektiv oyundur. hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin deatllar təsir edir. Mənə də Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun ki, oyunda özünü daha düzgün idarə etsin. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda olsun böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah Elvini meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir, biz oyunçuları qoruyuruq. Amma deyirəm ki, komandanı qorumuruq axı. Biri var dirsəklə vurmaq, açıq ayaqla vurmaq. İsətnilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. ÇL-də görürük ki, hakim sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın.
- ÇL-dəki püşkatma sizin üçün uğurludur? Pley-off mərhələsində sizi "Dinamo" gözləyir...
- Həmişə istənilən püşkatmaya normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi düşündürən, vacib olan indi "Ludoqorets"dir. Bu günə kimi belə təcrübəli rəqibə qarşı bizim səviyyədə oynamamışıq. Ardıcıl 9 il avrokuboklarda oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu bizi aldatmamalıdır. Fərdi keyfiyyətləri üstün olan komandalar var. Çox ciddi olmalıyıq.
- Mərc şirkətləri sabahkı matçda "Qarabağ"ı favorit göstərir. Bu haqda nə deyərdiz?
- Normal baxıram. İki komandadan birini favorit göstərməlidirlər. Bizə o gözlə baxırlarsa, belə reaksiya verməli deyilik. İşin görünən və görünməyən tərəfi var. Ola bilər ki, görünən tərəfini görürlər. Bizim elə ən böyük diqqətimiz, elə görünməyən tərəflərdə olur. Onu düzgün analiz etməliyik. Elə olub ki, rəqibimizi favorit görüblər. Biz buna görə oyuna hazırlaşmayacağıq.
- Musa Qurbanlının durumu nə yerdədir?
- Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər.
- Ötən mövsüm avrokuboklarda sıçrayış etdiniz. Qorxmursuz ki, Juninyonu qışda itirə bilərsiz? Çünki çox yaxşı çıxış edir...
- Bizə böyük diqqət ayırırlar, doğrudur. Bunu hər oyunda şahidi olmuşuq. "Ludoqorets" haqda danışıramsa ki, təcrübəli klubdur, onlar da bizim haqqımızda belə danışırlar. Bu işimizi çətinləşdirir. Ancaq əlavə motivasiya verir ki, daha hazırlıqlı olmalıyıq ki, rəqibin bizə qarşı göstərdiyi mübarizəyə də hazır olaq. Juninyo məsələsinə gəldikdə, bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O özü peşəkar olaraq yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, zaman göstərəcək.
- "Qarabağ"a yeni oyunçu gəlir?
- Gəlməli idi. Amma gələsi olmadı. O qədər dedim ki, danışırıq gəlsin, sonda alınmır, bu dəfə də oldu. İki gün öncə futbolçu Bakıda olmalı idi. Amma əfsuslar sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb.