Regekampf Premyer Liqadakı debütündən danışdı
07.08.2022 - 19:10
Regekampf Premyer Liqadakı debütündən danışdı

“Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün çətin dövrdür”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. O, Azərbaycan çempionatındakı debüt görüşü barədə fikirlərini açıqlayıb: “Bu gün start heyətində əsasən təcrübə qazanmalı olan oyunçulara şans verdik. Əsas düşüncəmiz Konfrans Liqasında mərhələ adlamaqdır. Meydança süni olduğu üçün zədələnməklərindən ehtiyatlanırdım. Üzücü olsa da, qapıçını itirdik. Ümid edirəm ki, tez qayıdacaq. İndi iki qapıçımız qalıb. Vəziyyət çətindir. Bütün oyunçuları qələbə münasibətilə təbrik edirəm. Bu, bizim “Rapid”lə görüş üçün planımıza uyğun idi. Çox vacib üç xal qazandıq”.

Mütəxəssis şans verdiyi gənclərin oyununa da toxunub: “Fasilə vaxtı futbolçulara dedim ki, özlərinə daha çox inanmalı, qapıya meylli olmalıdırlar. Çoxu gənc oyunçudur. İlk rəsmi matçlarıdır. Çox aqressiv idik. Topu itirdikdən sonra geri almağa çalışırdıq. Topa nəzarət də bizim tərəfdə idi. Düşünürəm ki, onlar oyundan oyuna daha yaxşı olacaqlar”.

Regekampf “Rapid”lə Vyanadakı görüşün heyəti və Mert Çelikin orda şans qazanması barədə sualı da cavablandırıb: “Avstriyada hansı heyətin oynayacağı barədə danışmaq istəmirəm. Mert Çelikdən də danışmayacam. Onun keyfiyyətlərini bilirdik, ona görə komandaya qayıtmasını istəyirdik. Bu gün bütün müdafiə xətti yaxşı oynadı. Biz Konfrans Liqasının qrupuna düşmək istəyirik. Buna görə bütün oyunçular oynamalıdır. Yeqor Boqomolski bu gün çox qaçdı. Onun üçün də ilk rəsmi oyun idi. Mənim fikrimcə qaçdı, mübarizə apardı. Son saniyədə nə qərar verəcəyini bilmədi. Həm zərbə, həm ötürmə istədi. Gənc oyunçudur, döyüşçüdür və vaxtı var ki, öz formasını yığsın”.

Mütəxəssis zədələnən qapıçı Aqil Məmmədovun durumunun hələ qeyri-müəyyən olduğunu bildirib: “Onun durumunu tam bilmirəm. Burnu sındığı təəssüratı var. Xəstəxanaya getdikdən sonra müayinə nəticəsində tam dəqiqləşəcək. İndi onun durumu yaxşı görünmür”.

Qeyd edək ki, “Neftçi” Şamaxıdakı matçda 1:0 hesabı ilə qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0