Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir” - VİDEO
10.03.2023 - 17:29
Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir” - VİDEO

“Gərgin mübarizə şəraitində keçən oyun oldu. Bu, gözlənilən idi”. 

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. 

O, Premyer Liqanın XXVI turunda komandasının "Kəpəz"lə heç-heçəsindən (1:1) sonra matçı dəyərləndirib: “Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə gərgin keçib. Bu gün xüsusi maneələrdən də biri, meydançanın durumu idi. Futbolçular yaxşı mübarizə üçün maksimum çalışdı. Önə çıxan birəbir mübarizələr idi. Baxımlı futbolun şahidi ola bilmədik. Hər iki komandanın futbolçuları mümkün şəraitdə baxımlı, keyfiyyətli futbol oynasınlar. Müəyyən dəqiqələrdə alınırdı, bəzən alınmırdı. Standart vəziyyətləri daha çox olan oyun idi. İlk yarı da pis keçmirdi. Kobud səhvdən topu itirdik və əks-hücumda qapımızda qol gördük. İkinci yarıda hücum potensialını gücləndirdik ki, uğuru hücumda axtaraq. Hissənin əvvəlində yaxşı oynayırdıq. Sonda penalti qazandıq. Bir epizodumuz yenə oldu. İstifadə etsəydik, qalib gələrdik. Ədalətli nəticə elə bu idi”.

- Fasilədə üç əvəzetmə planlaşdırılmışdı, yoxsa ilk yarıdan razı qalmadığınız üçün edildi?
- Nəticə təsir edirdi. Fasilədə bir dəyişiklik planlaşdırmışdı. Amma qol buraxdıqdan sonra daha hücumameyilli oyunçulara üstünlük verdik. Dünən meydançanın durumuna baxıb qərar vermişdik. Bilirdik ki, daha çox mübarizə gedəcək. Söhbət vurulan qoldan, nəticədən getmir, əvəzedilmədən oyuna daxil olanlar ümumən güc qatdılar. Oyuna canlanma gətirdilər. Bir xal qazandıq. Mümkün şəraiti və oyunun gedişatını nəzərə alsaq, bir xalı əldə etdik. Futbolçularım çox yaxşı mübarizə apardılar. Keyfiyyətli futboldan danışa bilmərik.

- Qış fasiləsindən sonra 8 oyuna cəmi iki qələbə qazanmısız. Rəhbərlik də oyundaydı. Onların bu nəticələrə münasibəti necədir?
- Azərbaycanda futbol tabloya görə qiymətləndirilir. Eyni oyunu oynayırsan, 1:0 udursansa, hamı yaxşı oyunun olduğundan danışır. 0:1 uduzursan, eyni oyunu oynayırsan, deyirlər, dəyişikliklər düz deyildi, oyunun gedişatı düz deyildi, heyət düz deyil idi. Nəticə çox önəmlidir. Bu gün mən tək nəticəni düşünmürəm. Səkkiz oyunun iki-üçünü çıxmaq şərtilə çox yaxşı oynamışıq. Daha çox xal, daha çox qələbə qazana bilərdik. Mən də futbolun içindən gələn insan gələn kimi, müəyyən səhvlər olub. Komandamın oyunundan narazı deyiləm. Onları artırsaq, daha güclü "Zirə" görə bilərik.

- Oyundan sonra azarkeşlə insident yaşandı. Həmin azarkeş sizdən nə istəyirdi?
- Mən bir azarkeşlər şəkil çəkdirirdim, digəri nəsə etiraz bildirdi. Yaxınlaşdım ki, görüm nə deyir. Uzaqdan başa düşmürdüm.

- Gəncəyə ilk dəfə baş məşqçi kimi gəldiniz. Hansı hissləri keçirdiz?
- Eyni. Əvvəl Gəncə və Tovuza gələndə bilirdik ki, çətin olacaq. Bu gün də eyni hisləri keçirirəm. Gəncəyə futbolun qayıtması xoşdur. Legionerlərə deyirdim ki, bura futbol şəhəridir, azarkeşlər futbolu çox yaxşı başa düşür. Burada oynamaq həmişə xoşdur. Çox yaxşı komanda formalaşdırıblar, çox maraqlı futbol oynayırlar. "Kəpəz"i təhlil edəndə onları böyük zövqlə izləyirdim. Onların etdiklərinə baxıb heyran qalırdım.

- Ötən mövsüm kubokun finalında "Zirə"də 7 yerli futbolçu oynamışdı. Son iki turda əsas heyətdə 7 legioner çıxış edib. Daha çox legioner oynasa da, niyə o futbolu sərgiləyə bilmirsiz?
- O futbolu, yoxsa nəticəni? Futbol olaraq keçən ilkindən daha yaxşı oynayırıq. Qarşıdakı turlarda, ya növbəti mövsümdə "Zirə" bunun bəhrəsini görəcək. Elə şeylər var ki, vaxta ehtiyac olur. Müəyyən zamandan sonra istədiyimizin tam effektini alacağıq. Çox yaxşı ki, ötən mövsüm daha çox yerlilərlə oynamağımız diqqətinizi cəlb edib. Çünki qeyd olunmurdu, sual verilmirdi. Mənim üçün yerli, ya legioner fərqi yoxdur. Sağlam rəqabət gedir, kim daha güclü olacaq, o da oynayacaq. Başqa söhbət, səbəb ola bilməz.

- Dediz ki, yerli və legioner futbolçu arasında fərq qoymursuz. 10 komandanın bütün baş məşqçiləri bu cür düşünsə, Canni De Byazi və Samir Əliyev futbolçuları hardan tapsın?
- Nə qədər yerli futbolçu oynasa, onların işi üçün də yaxşıdır. Amma nəzərə alın ki, elə toplanışlar olurdu ki, heç bir nəfər də bizdən dəvət edilmirdi. Bir nəfər dəvət edilirdisə belə, heç meydana çıxarılmırdı. "Zirə"də yerlidən əcnəbilərə keçməyimdə, məncə, milliyə heç bir təsiri yoxdur. Çünki yığmanın hansısa futbolçusunu kənarda saxlamıram. 2-3 oyunçu var ki, istəyirik milliyə qazandıraq. Məncə, ona nail olacağıq.

writer photo
Əlirza Əlirzalı
0