Rəşad Sadıqov: “İstəyərdik ki, hər şey 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”
17.07.2024 - 17:55
Rəşad Sadıqov: “İstəyərdik ki, hər şey 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçiriləcək oyun öncəsi mətbuat konfransında matçla bağlı fikirlərini söyləyib. 

Apasport.az xəbər verir ki, 44 yaşlı çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Oyundan öncə danışmaq həmişə çətindir. Oyundan əvvəl danışmağı sevmirəm. Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gələcək. İlk oyundakı nəticəni özü üçün dəyişməyə çalışacaq. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. Oyunçularım hazırlığımızı və oyun bacarıqlarını sabah meydanda oyuna yansıtmalıdırlar. Tiraspoldakından daha gərgin oyun bizi gözləyir. İlk oyunda uduzsa idik, yenə də belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. İlk hissədə hesabda irəli çıxmaq istəyirik. İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun. Hər şeyə hazır olmalıyıq. Allah qoysa, sabah mərhələni keçən tərəf biz olarıq".

- Penaltilər seriyasına hazırlaşmısız?
- Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Azərbaycan kuboku oyunlarında belə ehtimal olanda da, penaltilərə hazırlaşmamışıq. Hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. İlk oyunda uduzsaydıq da, eyni fikirləri səsləndirəcəkdim. Başqa səbəbi yoxdur. Bugünkü müasir futbol, avrokuboklarda ev-səfər oyunlarında fərq yoxdur. Səfərdə biz qalib gəldik. Amma biz komanda olarq mütləq şəkildə hər ssenariyə hazır olmalıyıq. Sezonun əvvəlidir. Hər iki komanda optimal formada deyil. İstəyərdik ki, hər şey 90 dəqiqədə bizim xeyrimizə həll olunsun.

- "Zirə" turu keçmək, yoxsa qalib gəlmək üçün meydana çıxacaq?

- İkisi də eyni nəticədir. Oyun planı ilə suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür. "Şerif" açıqlamalarımıza diqqət yetirəcək. Biz də, həmçinin. Təbii ki, üstünlüyümüz var. Bu hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, yaxşı düşünsünlər, təhlil etsinlər ki, mərhələni keçmək üçün nə etsinlər. Təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var. Oyun planına aid olan planları oyundan sonra danışarıq. 

- Müdafiədə pis görünmədiz, amma hücumlarda dişsizlik var idi. Problem nədə idi?
- Problem olduğunu düşünmürəm. Bir neçə təhlükəli hücumlarımız var idi. Qapıya bir zərbə endirdik, qolla nəticələndi. İlk yarıda Ceyhun Nuriyev topu yaxşı ram etesəydi, epizod olacaqdı. Razıyam ki, son ötürmələrdə daha dəqiq olmalıydıq. Biz də rəqibə 100 faizli epizod vermədik. Daha çox uzaqdan zərbələr endirirdilər. Hər iki komanda bir-birinə son fazada fərqlənməyə imkan vermirdi. Bütün komandalar yaxşı, kollektiv şəkildə müdafiə olunurlar. Nəzərə almalıyıq ki, qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı, kəsəri daha çox olsun. Necə alınacaq, zaman göstərəcək.

- "Zirə" 10 illik klubdur. Azarkeş kütləsi aşağıdır. Azarkeşlərə çağırış edə bilərsiz ki, sabah sizə dəstək olsunlar?
- Azarkeşimiz az deyil, yetərincə var. Mənə görə say önəmli deyil, keyfiyyət önəmlidir. Yəni azarkeşlər səni necə dəstəkləyir. "Zirə" azarkeşləri həmişə yanımızdadırlar. İstəyərdik ki, sabah tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Kimin imkanı varsa, bizi dəstəkləsin. Ən azından televizor vasitəsilə bizə dua etsinlər. Çalışaq birlikdə mərhələni keçək.

- Son avrokubok təcrübəsində “Makkabi”yə Bakıda 0:3 uduzan komanda ilk oyunda “Şerif”i məğlub edib. Bu müddət ərzində nə dəyişdi? 
- Əslində, o vaxtı da “Makkabi”yə qarşı Bakıda yaxşı oynamışdıq. Sadəcə fərdi səhvlər həlledici olmuşdu. Səfərdəki görüşdə də yaxşı oynamışdıq. Əslində, oradakı oyunumuzu dəyərləndirsək, ciddi problemlərimiz yox idi. Müəyyən təcrübəsizlik və fərdi səhvlər özünü göstərmişdi. Bir dəfə səfərdə mərhələ keçmişik. Amma bu dəfə bizim üçün ilk təcrübədir. Səfərdə qalib gəlmişik, evdə cavab oyununa çıxırıq. Öz azarkeşlərimizin qarşısında oynayacağıq. Bizim üçün yeni təcrübə olacaq. Sabah çalışacağıq ki, bu imtahandan uğurlu çıxaq.

writer photo
Əlirza Əlirzalı
0