"Yorğunçuluq hiss olunurdu. Bilirdik ki, bu əziyyəti çəkəcəyik. İlk dəqiqələrdə top itkiləri, verilən qərarlar sırf yorğun komandanın göstərəcəyi oyun idi. Anlayırdıq. İkinci yarıda meydanda tam fərqli "Sumqayıt" gördük. Əldə etdiyimiz epizodları qola çevirə bilmədik. Lakin fasilədən sonra yaxşı oynadıq, udmaq istəyən komanda görünürdü. Demirəm ki, ilk yarıda da belə deyildi. Sadəcə çox şey alınmırdı. Bu da yorğunçuluqla bağlı idi. "Sabah"la iki oyunda həddən artıq enerji vermişdik. Bu gün də oynadıq, uduzmadıq. Qarşıdakı matçlara köklənəcəyik. Yorğunçuluğu bir həftədə atarıq və qələbə qazanarıq".
Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 11-ci turunun "Qəbələ" ilə görüşündən sonra mətbuat konfransında deyib.
- Komanda 70-ci dəqiqədən sonra daha çox pressinq və hücumlar edirdi. Qol epizodlarınız da az deyildi, amma istifadə edə bilmədiz. Bu nə ilə əlaqədardır?
- Son nöqtənin qoyulmaması sırf futbolçunun keyfiyyəti ilə bağlıdır. Keyfiyyətlərini ortaya qoya bilmədilər. Yorğunçuluq həqiqətən hiss edilirdi. "Qəbələ" açıq futbol oynayır. Bunu bilirdik. Qalib gəlmək emosiyası artmışdı. İstədik qalib gələk.