“Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
23.01.2023 - 13:03
“Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ

2005-ci ildə fəaliyyətini dayandırmış, bir müddət öncə bərpa edilən “Şəfa” klubunun koordinatoru Tural Rzayevin apasport.az saytına müsahibəsi 

- “Şəfa”nın yenidən bərpa olunması fikri necə yarandı?
- Həmişə yeni layihələr barədə düşünən biriyəm. Hər zaman fikirləşirəm ki, futbola necə dəstək vermək olar, futbolu necə sevdirmək mümkündür. 2021-ci ildə AFFA ümumi müsabiqə elan etmişdi və təqdim etdiyim layihə ölkədəki 55 layihə arasında ən yaxşı futbol layihəsi seçildi. "Şəfa"ya gəlincə, bu klubun artıq yeni davamçıları var. Klubun prezidenti Cavid Nəzərov, icraçı direktoru isə Hüseyn Mehdiyev olacaq. Bir-iki ildir ki, futbolun içindədirlər, iş adamlarıdır. Elə bu illər ərzində futbola dair plan qururlar, çünki futbol həvəskarıdırlar. Doğru-düzgün planla futbolumuza xeyir vermək istəyirlər. Neçə vaxtdır ki, bir çox klubların bazası, proqramları ilə maraqlanırlar. Maraqlana-maraqlana da mənim ünvanıma gəlib çıxdılar. Görüşmək istədilər, futbolun olduğu yerdə böyük məmnuniyyətlə danışmağa hazır olduğumu bildirdim. Əslində, iş görüşməsi kimi yox, məsləhət almaq üçün çağırdılar. Getdim, planlar haqda danışdım. Yəni, futbola necə töhfə verə bilərik deyə, boşluqlar var, hansı ki, dəyərləndirmək mümkündür. Əsasən akademiya və peşəkar komandanın qurulması haqda fikrimi bölüşdüm. Bir müddətdən sonra geridönüş etdilər, bildirdilər ki, fikirlərinə qulaq asdıq və buna uyğun variant var. Bildirdilər ki, "Şəfa"nın yeni davamçıları ola bilərik. Rəhbərlik səviyyəsində Fuad Musayevin ailəsinə, yaxınlarına çıxıblar. Həmin klubun təsisçiləri ilə danışıblar və onlar da halallıq veriblər ki, "Şəfa" adı ilə davam edə bilərsiz, biz sizi ancaq dəstəkləyirik. Onların bu klubun təsisçiləri ilə münasibətləri var. "Şəfa"nın yenidən bərpası belə alındı. 

- Bu, sizin üçün də ilkdir?
- Özüm peşəkar futbolla məşğul olmuşam. Ciddi zədələrə görə karyeramı erkən bitirsəm də, hər zaman futbolun içində idim. "Qarabağ"ın yetirməsi olmuşam, orada peşəkar komandaya yüksəlmişəm, "Sumqayıt"da oynamışam. Superliqaya da transferim olub. Amma dediyim kimi, zədələr imkan vermədi. Futbolla vidalaşdıqdan sonra diqqətimi məşqçiliyə cəmləmişdim. O vaxtdan Türkiyədə yaşayırdım. Bu işlərlə orada məşğul olmağa başladım. Türkiyəli məşqçilərlə artıq plan-proqramın içində idim. Bəzi məlumatları öyrəndikdən sonra Azərbaycana qayıtdım, məşqçilik kurslarına qatıldım. İki il öncə C kateqoriyasını götürdüm. Həmin vaxtı özəl akademiyanın yaradılmasında fəaliyyətə başladım. Hazırda B kateqoriyasına sahib olmağa çalışıram. İndi də "Sumqayıt"da U-19-da Vaqif Cavadovla bərabər işləyirəm. Sırf akademiyanın qurulmasında təcrübəm var. Əvvəl akademiyanın təsisçisi olmuşam. Artıq üç ildir məşqçilik edirəm. 

- Futbolda maliyyə böyük önəm kəsb edir. Bəs klubun maliyyə dəstəyi haradan olacaq? Sponsorlarla görüşünüz olub, yoxsa AFFA-dan yardım gözləyirsiz?
- İlkin mərhələ olaraq, maliyyə dəstəyi AGAH-dan olacaq. Onsuz da, onların rəhbər şəxsləri "Şəfa"nın yeni davamçılarıdır. İş adamları ilə görüşlərə başlanılıb. Bəzi planlarımız, xəyallarımız var ki, ona maliyyə dəstəyi lazımdır. Yoxsa, xəyalımız xəyal olaraq qalar, həyata keçirə bilmərik. Çünki strukturlu iş qururuq, maliyyə dəstəyinə, ümumilikdə dəstəyə ehtiyac var. AFFA rəsmiləri ilə görüş keçirmişik. Özüm də orada iştirak etmişəm, klubun yeni davamçıları da orada idi. Bizi isti qarşıladılar. Söylədiyimiz planları bəyəndilər. Bəzi məqamlar var ki, düzgün dəyərləndirə biləcəyimizə onları inandırmışıq. Yaxın vaxtlarda AFFA ilə yeni görüşümüz olmalıdır. Onların dəstəyini gözləyirik, niyə də olmasın? AFFA-dan dəstəyin olacağına şübhəmiz yoxdur. Bəzi addımlar var ki, onları atmalıyıq. Bildiyim qədərilə AFFA belə layihələrə müsbət yanaşır. Təki futbolumuzun inkişafına dəstək verək, bir hədəf uğrunda birləşək. Dəstəksiz qeyri-mümkündür. İş adamları ilə də xüsusi görüşlərimiz var, olacaq da.

- “Şəfa”nın əvvəlki rəhbəri Fuad Musayevin ailəsi ilə görüşdə nələr danışılıb?
- Bəli, əvvəllər Fuad Musayev bu kluba rəhbərlik edirdi. Allah ona rəhmət etsin. "Şəfa"nın yeni davamçıları onun yaxınları, ailəsi ilə görüşüblər və onlardan böyük dəstək görüblər. Onlar "Şəfa"nın yeni davamçılarının olmasını çox böyük sevinclə qarşılayıblar. Rəhbərlik səviyyəsində Fuad Musayevin ailəsi ilə, köhnə təsisçiləri ilə görüş keçirilib, razılıq əldə olunub və onlar da uğurlar arzu ediblər. Razılıq əldə olunub ki, "Şəfa"nın yeni davamçıları olacaq. 

- İlk olaraq hansı liqada iştirak edəcəksiniz? Klubun hədəfləri nədir?
- İlk hədəf akademiyanın qurulması olacaq. AFFA-nın U-9-dan, U-14 liqasına kimi iştirak edəcəyik. Görüşdə də AFFA-dan razılığını aldıq, heç bir problem olmadığını bildirdilər. Klubun əsas hədəfi akademiyanın qurulmasından sonra peşəkar komandanın yaradılmasıdır. 2023/2024 mövsümündən "Şəfa"nın adını bir çox yerlərdə, AFFA-nın təşkil etdiyi çempionatlarda, beynəlxalq turnirlərdə eşidəcəksiz, görəcəksiniz. İlkin mərhələ U-9-dan U-14-ə kimi iştirakdır. Daha sonra U-15, U-16, U-17 və Regional Liqada təmsil olunmaqdır. Bu plan üzrə işləyəcəyik. Ev oyunlarına gəldikdə, bir çox yerlərlə anlaşmışıq. Akademiyanın qurulmasında kiçik stadionlar bizə yarayırsa, növbəti planlarda böyük stadionlara ehtiyacımız olacaq. İlkin mərhələ olaraq, Abşeron Olimpiya İdman Kompleksi ilə razılıq əldə etmişik. ADBTİA rəhbərliyi ilə görüşümüz olacaq. Ümidvarıq ki, onlar bizim istəyimizi geri çevirməyəcəklər, orada da icarəyə yer götürəcəyik. Axtarışdayıq ki, doğru addımı ataq. Bir çox yerlər nəzərimizdədir. Amma sırf baza olaraq, "ASK Arena"da yer götürmək niyyətimiz var. Artıq baş ofisimiz oradadır. Əsas hədəfimiz əsas meydançada yer götürmək, "Şəfa"nı öz yerinə, yurduna qaytarmaqdır. Bu yöndə çalışmalarımız olacaq.  Akademiyanı və peşəkar komandanı qurmaq üçün yığılırıq. Çalışacağıq ki, burada futbol keçmişi təmiz və ambissiyalı adamlar olsun. Metod və struktur bilən məşqçiləri kollektivimizə cəlb edəcəyik. Məşqin və öyrənmənin gücünə inanırıq. Əsas məqsədimiz budur. Şəffaf işlərlə də, arzularımıza, xəyallarımıza çatacağımıza şübhəm yoxdur.

writer photo
Əlirza Əlirzalı
0