Təlim-məşq toplanışını başa vuran gənc və yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Avropa Multi Oyunlarında mübarizə aparacaq.
Apasport.az saytı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 11-12-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək yarışda yığma 26 idmançı ilə təmsil olunacaq.
Gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında qüvvəsini sınayacaq. Komandamızın heyətində Məhəmməd Həsənli, Fuad Məhərrəmli (hər ikisi 48 kq), Aydın Süleymanov (51 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov (68 kq), Elcan Əliyev (73 kq), Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) dayanq üzərinə çıxacaqlar.
Yeniyetmələrdən ibarət yığma isə Oyunlarda baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında gücünü yoxlayacaq. Gənclərdən fərqli, bu yaş kateqoriyası çəki dərəcəsi ilə deyil, yeni sistemə əsasən boy ölçüsünə uyğun keçiriləcək.
Məşqçilər korpusu Sarayevoda oğlanların yarışında Anar Abdulzadə, İlyas Hətəmli, Novruz Əliyev (hər üçü 160 sm), Əliheydər Quliyev (164 sm), Mətləb Əliyev, Həsən Əlizadə (hər ikisi 172 sm), Sənan Hüseynov (176 sm), Tamerlan Yaqubova (180 sm), qızların mübarizəsində Nuray Sultanova, Zəhra İsayeva (hər ikisi 152 sm), Leyla Kərimova (156 sm), Humay Dadaşzadə, Şəms Əlizadə (hər ikisi 160 sm), Nilufər Borji, Fatimə Həsənova və Narın Həsənovanı (hər üçü 168 sm) yoxlayacaq.
Səfərə mayın 9-da yollanacaq yığma ilə bu gün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev görüşərək, komandaya uğurlar arzulayıb. Onlar milliyə böyük ümid bəslədiklərini və taekvondoçuların Oyunlardan uğurla dönəcəklərinə inandıqlarını deyiblər.
Qeyd edək ki, yeniyetmələrin döyüşləri mayın 11-də, gənclərin mübarizəsi ertəsi gün olacaq. Yığma Bakıya mayın 13-də qayıdacaq.