Vaqner da Silva: “Qarabağ” heç kim üçün sürpriz deyil” - MÜSAHİBƏ
06.03.2023 - 21:46
Vaqner da Silva: “Qarabağ” heç kim üçün sürpriz deyil” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq qapısı Vaqner da Silvanın apasport.az saytına müsahibəsi

- "Qarabağ" səfərdə "Gent"ə uduzaraq Konfrans Liqasındakı çıxışını başa vurdu. Bu nəticə sənin üçün gözlənilməz idi?
- Yox, düzünü demək lazımdırsa, bu, mənim üçün sürpriz deyildi. Çünki Belçikada oynamışam və bu ölkənin klublarını yaxşı tanıyıram. Onsuz da, “Gent”in yaxşı komanda olduğunu, heyətində yaxşı futbolçuların çıxış etdiyini bilirdim. Bu mənada, mənim üçün sürpriz olduğunu deməzdim.  

- "Qarabağ" evdə üstün oynayaraq "Gent"i məğlub etmişdi. Ancaq səfərdəki matçda penaltilər seriyasında rəqibi ilə bacarmadı. Səncə, Bakıdan Belçikaya daha yaxşı, daha sərfəli nəticə ilə yollanmaq olardı?
-  Qələbə qazanmaq hər zaman əladır. “Qarabağ” da ilk matçı qalib başa vura bilmişdi. Bilirsiz, cavab oyununu, ikinci matçı səfər meydanında oynamaq həmişə çox çətin olur. Çox təəssüf ki, “Qarabağ” penaltilər seriyasında uduzaraq iştirakını dayandırdı. Amma onlar daha yaxşısına layiq olduğunu düşünürəm. 

- "Qarabağ" bu mövsüm avrokuboklarda heç də pis təsir bağışlamadı. ÇL-in təsnifat mərhələsində İsveçrə, Macarıstan, Polşa çempionlarını sıradan çıxardı, Çexiya çempionu ilə görüşdə sanki bəxti gətirmədi. Demək olar ki, "Qarabağ" avrokuboklarda şanssızlıq yaşayır?
- “Qarabağ” avrokuboklarda ümumi götürsək, çox yaxşı çıxış etdi. Bugünkü gündə onlar heç kim üçün sürpriz deyil. Hamı “Qarabağ”a hörmətlə yanaşır. Məncə, bu komanda getdikcə daha da yaxşı, daha da güclü olacaq. Çünki onlar yüksələn qrafik üzrə gedirlər. İllərdir ki, komanda avrokuboklarda da uğurla çıxış edir.

- Yeri gəlmişkən, "Gent"lə oyunlardan əvvəl Kadi Borges "Krasnodar"a, Kvabena Ovusu da "Ferentsvaroş"a keçdi. Komandaya yeni üç futbolçu qoşuldu. Demək olar ki, bu da "Qarabağ"ın Konfrans Liqasında uğurlu çıxışına mane oldu?
- Xeyr, mən belə düşünmürəm. Çünki “Qarabağ” hər zaman çox yaxşı futbolçulara və məşqçiyə sahibdir. Ola bilər ki, “Gent”lə matçda penaltilər seriyasında dayandılar. Amma mən sizə deyim, “Qarabağ” çox böyüyür.

- Kadi Borgesin Portuqaliyadakı komandası üçüncü liqaya yuvarlanmışdı. O, "Qarabağ"a gələrək karyerasında yüksəlişə keçdi. Hazırda "Krasnodar" üçün oynayır...
- Kadi çox yaxşı futbolçudur. O, Portuqaliyada çox da tanınmırdı. Çünki az-az oynayırdı. Kadinin sonradan etdikləri onu göstərir ki, Portuqaliyada nə qədər istedadlı oyunçular var. Hətta üçüncü liqada da çox istedadlı futbolçular mübarizə aparır. 

- Sənin də komandanın çıxış etdiyi liqada mübarizə aparan "Tondela"nın futbolçusu Telmo Arkanjonun adı "Qarabağ"la hallanır. Onu yəqin ki, daha yaxından tanıyırsan. Arkanjo barədə fikrin necədir? 
- Arkanjonu yaxşı tanıyıram. Çünki sizin də, dediyiniz kimi, eyni liqadayıq. Yeri gəlmişkən, son turda onların komandası ilə qarşılaşdıq (gülür). Onun yaxşı futbolçu olduğunu bilirəm. Üstünlükləri çoxdur.

- Hazırda "Torrense"də "Neftçi"nin sabiq forvardı Harramiz Soareşlə komanda yoldaşısan. Vaxt tapanda onunla Azərbaycan futbolu, "Neftçi" və "Qarabağ" klubları barədə söhbətiniz olur?
- Bəli, Harramiz də mənim oynadığım komandaya gəldi. Onunla münasibətim yaxşıdır. Harramizlə Azərbaycan futbolu haqda, başqa məsələlər barədə də danışırıq. Bizim Azərbaycan futbolu ilə bağlı xatirələrimiz çox yaxşıdır.

writer photo
Əlirza Əlirzalı
0