“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”
10.08.2022 - 09:49
“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la yox, “Ferensvaroş”la oynamaq istərdim”

“Super çıxış etməsək də, hər oyunda qələbə üçün var gücümüzü sərf edirik. Pley-offa yüksəlməyimiz ən böyük uğurlarımdan biridir”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif” (Moldova) üzərində qazanılan qələbədən sonra deyib.

57 yaşlı mütəxəssis pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olmalarını da dəyərləndirib: “Pley-offda “Qarabağ”la yox, “Ferensvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. Azərbaycanlılar Macarıstanda əla qələbə qazandılar. Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir”.

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda, cavab görüşü isə ayın 23-də Plzendə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0