Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, 33-cü qitə çempionatında mübarizə aparacaq 24 yığma hərəsində 6 komanda olmaqla 4 qrupa bölünüb.
Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə qəbul edəcəyi turnirdə qüvvəsini sınayacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Eldar Yusubovun yetirmələri C qrupunda mübarizə aparacaq.
2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək çempionatda millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çexiya, İsveç, Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
Qeyd edək ki, 2005-ci ildən Avropa çempionatlarının final mərhələlərinin daimi iştirakçısına çevrilən Azərbaycan yığması ardıcıl 10-cu dəfə yarışa qatılacaq. Millimiz iki dəfə - 2005-ci və 2017-ci illərdə yarımfinala qədər irəliləyərək Avropanın dördüncüsü olub.