
“Kiprlə oyunun nəticəsindən məyusuq, amma təslim olmayacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts deyib.
Millətlər Liqasının V turunda Kiprə məğlub olan (1:2) lüksemburqlular son matçda Azərbaycan yığmasını qəbul edəcəklər.
Holts axırıncı tur ərəfəsində liderliyi əldən versələr də, ümidini itirmir: “Azərbaycan önündə şərtlər bizim üçün çox çətin olacaq. Vahid Selimoviç və Dirk Karlson cəzalıdır. Zədəli Leandro Barreironun isə iştirakı sual altındadır. Onlar aparıcı oyunçulardır və eyni səviyyədə əvəzediciləri yoxdur. Bizə indi yüksək performans, iradə və öhdəlik lazımdır. Vəziyyət işimizi çətinləşdirsə də, hələ heç nə bitməyib. Özümüzü ən yaxşı tərəfdən bir daha göstərmək istəyirik”.
Qeyd edək ki, sabah “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.