"Azərbaycanla matçda favoritik, qalib gəlmək istəyirik" - Domaqoy Vida
08.09.2019 - 18:47
"Azərbaycanla matçda favoritik, qalib gəlmək istəyirik" - Domaqoy Vida

“Azərbaycanla oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb”. 

APA-nın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Domaqoy Vida deyib.

30 yaşlı müdafiəçi bu gün təşkil edilən mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək səfər görüşünü dəyərləndirib.

O bildirib ki, komandasını çətin oyun gözləyir: “Bura dünən gəlmişik. Bu gün də məşqimiz olacaq. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır”.

Xorvatiyalı Azərbaycanla bir neçə il öncə Bakıda keçirdikləri matçı da xatırlayıb: "Həmin vaxt 0:0 olmuşdu. Zaqrebdə də bizə çətinlik yaratmışdılar. Rəqibin xalının olmaması onların real gücünü göstərmir. Yaxşı futbolçulardan qurulmuş komandadır. Yaxşı oyunçuları var. Sabah maksimum gücümüzü ortaya qoymalıyıq. Uels və Slovakiyaya qarşı oyundakı kimi çıxış etsək, istəyimizə çatacağımıza ümid edirəm".

D. Vida Azərbaycanla görüşdə favorit olduqlarını açıqlayıb: "Hazırda dünya reytinqində ikinci yerdəyik. Favoritik, qalib gəlmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Slovakiya ilə oyundakı performansın üzərinə bir az da əlavə etsək, qələbə qazana bilərik".

Müdafiəçi Azərbaycanın Uelslə son matçından da danışıb. O bildirib ki, 1:2 hesabı ilə məğlub olduğumuz görüşü tam izləməyiblər: "Amma rəqibin hücumdakı və müdafiədəki davranışlarını analiz etmişik. Azərbaycan millisinin bəxti gətirmədi. Biz öz oyunumuza köklənmişik. Qələbə üçün də vacib olan budur. Final mərhələsinə gəlincə, hələ ora çox vaxt var. Hələ görəcəyimiz işlər çoxdur. Bakı gözəl şəhərdir. İlk növbədə sabah 3 xal qazanmalıyıq. Sonra final mərhələsinə vəsiqə barədə düşünməliyik".

Domaqoy Vida AVRO-2020 Azərbaycan millisi