“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri matçı şərh edib.
Sport24.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Samiri təbrik edirəm, çox vacib və lazım olan qalibiyyət əldə etdilər. Oyundan çox danışmağa ehtiyac yoxdur. Oyundansa, digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. Çünki ikinci hissədə bizim qırmızı vərəqə almağımızı gözləyirdim. Bunun üzərində çox dayandım. Əfsuslar olsun ki, bu da oldu. Qırmızı vərəqədən sonra oyun nizam-intizamı pozuldu. "Neftçi"nin qırmızı vərəqə almasına qədər komandadan daha razı idim, nəinki sonra. Bəzən həqiqətən düşünmədiyimiz epizodlar olur. Oyunun gedişatında tam istədiyimizi etmək çətin olur. Düşünürəm ki, bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Düzünü deyim, hakim də inamlı qərarlar verdi. Bəzən hakim vərəqə verəndən sonra ona təzyiqlər çox olur və özünü itirir. "Neftçi" 9 nəfər qalanda da qırmızı vərəqə oldu və hakim də verdi. Diqqətimi çəkən hakimin inamlı qərarlar verməsidir. Və bundan razı qaldım. Bir neçə gün əvvəl Hakimlər Komitəsindən gəlmişdilər və belə epizodları göstərmişdilər. Bu gün də göstərilənlər hamısı oldu. Hələ qarşıda daha maraqlı oyunlar olacaq. Tez bir zamanda komandanı yaxşı hazırlayıb, digər oyunlara çıxmalıyıq. Kubok matçında da bəzi futbolçularda xırda zədələr olmuşdu. Hər iki komandaya uğurlar arzulayıram.
- Komandadan narazı qaldığınızı dediniz. Bu ifadənin altında ümumi komanda durur, ya ayrı-ayrılıqda futbolçulardan?
- Bütün komandadan narazı qaldım.
- Kevin Medina cəzalandırılacaq?
- İndi düşünsəm, daha sərt qərar verə bilərəm. Sabah epizoda baxıb yenə düşünəcəyik. Cəzası olacaq, çünki daha çox öz komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Təcrübəli futbolçudur, belə epizodlarda diqqətli olmalıdır. Belə oyunlarda hər zaman özünü düzgün aparmağı bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur. Bu qırmızı vərəqənin də futbolçulara faydasının olacağını düşünürəm.
- Oyundakı digər maraqlı məqamlar deyəndə nəyi nəzərdə tutursuz?
- Hakimlikdən danışdım, bu, şikayət deyil. Sadəcə gəlib göstərmişdilər və hamısı da oldu. Bunlar mənim üçün maraqlı idi.
- Düşünürəm ki, siz də hakimlikdən narazı qaldız...
- Xeyr, narazı qalmamışam. Çox inamlı qərarlar verildi. Heç bir narazılığım yoxdur.
- Mövsümün sonlarına yaxınlaşırıq və yenə də futbolçularınızın sayı azdır. Bu, komandaya təsir edəcəkmi?
- Düşünürəm ki, heyətimiz yetərlidir. Əsas heyəti qurmaq üçün bir neçə dəyişiklik etməli oluram. Bu gün Rahil yox idi. Ozobiç də artıq məşqlərə qayıdır. Hər zaman əlimizdə 20 futbolçu olur. Bunların 3-4-ü daimi əsas heyət kimi düşünülür. Mövsümün sonuna qədər yaxşı oyun göstərib, yaxşı nəticələr qazana bilərik.
- Toral Bayramovu sol cinaha çəkməyi düşünmürsüz?
- Bəzən elə oyunlar olur ki, mənə təcrübəli futbolçular lazım olur. Bu mövqedə həm Elvin var, həm də Toral var. Çalışıram onlardan maksimum istifadə edim. Onların komandaya yaxşı faydalarının olacağını düşünürəm (sport24.az).