“Elxan Məmmədovun Hondanın yanında nə işi var?” - “Qarabağ”ın sabiq futbolçusu
18.03.2021 - 10:00
“Elxan Məmmədovun Hondanın yanında nə işi var?” - “Qarabağ”ın sabiq futbolçusu

“Honda yaxşı transferdir. “Milan”, MOİK kimi güclü klublarda oynayıb, Yaponiya millisinin kapitanı olub”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” və “Bakı”nın sabiq futbolçusu Dmitri Yeremeyev deyib.

Yaponiyalı futbolçu Keysuke Hondanın “Neftçi”yə transferini dəyərləndirən 42 yaşlı mütəxəssis bunun Azərbaycan futbolu üçün müsbət məqam olduğunu düşünür: “Azərbaycan futbolunun imicini qaldırmaq, reklam üçün belə oyunçular lazımdır. Düzdür, onun hansı durumda olduğunu bilmirəm. Honda səviyyəli futbolçu olub, Azərbaycan çempionatına gəlməsinə sevindim. Rusiyada dostlarıma deyəndə ki, Honda “Neftçi”yə keçib, hamı təəccübləndi. Belə adamları gətirmək lazımdır”.

Sabiq yarımmüdafiəçi Hondanın Bakı Olimpiya Stadionunda AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla görüşünə də münasibət bildirib. Hazırda Rusiyada yaşayan futbol adamı bu görüşün mahiyyətini başa düşmədiyini etiraf edib: “AFFA şəkil paylaşıb, “Neftçi”nin prezidenti Kamran Quliyev və Hondanın yanında Elxan Məmmədov da var. Mənə o çatmır ki, Elxan Məmmədovun orada nə işi var? Axı bu futbolçunu klub alıb, assosiasiya yox. Gəlib orada şəkil çəkdirməkdə məqsədin nədir? Bunun bir adı var, AFFA bütün klublara nəzarət edir. Hansı ölkədə federasiya klub saxlayır? Ancaq Azərbaycanda belə şeylər olur”.

Qeyd edək ki, “Neftçi” Keysuke Honda ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.