"Futbolçulara bir-birlərinə söz atmaq ixtiyarı verilmir" - Sənan Qurbanov
14.02.2021 - 17:41
"Futbolçulara bir-birlərinə söz atmaq ixtiyarı verilmir" - Sənan Qurbanov

“Bu oyuna ciddi hazırlaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında fərdi səhvlərin onları məğlubiyyətə sürüklədiyini söyləyib: “Müdafiədə buraxılan səhvlər məğlubiyyətə gətirib çıxardı. Bu mənim rəhbərliyim altında çempionatda ilk oyunumuz idi. Səhvləri analiz edəcəyik ki, futbolçular bunları təkrarlamasınlar. İkinci hissədə qol imkanlarımız olsa da, yararlana bilmədik. Futbolçuların özünəinamı qaytarması çox vacibdir. Bunun üçün bir qələbə lazımdır. Bu gün alınmasa da, bizim işimiz axıra qədər mübarizə aparmaq və oyunçuları inandırmaqdır”.

41 yaşlı mütəxəssis bildirib ki, uzun illər çalışdığı “Qəbələ”yə rəqib olmağın onun üçün prinsipiallığı yox idi: “Bura ilə bağlı ancaq doğmalıq hissi var, uzun müddət “Qəbələ”də işləmişəm. Ancaq hazırda “Keşlə”yə rəhbərlik edirəmsə, “Qəbələ” mənim üçün keçmişdə qalıb. Bizə bu gün uduzmamaq lazım idi, təəssüf ki, bunu reallaşdıra bilmədik. Artıq növbəti görüşlərə baxacağıq”.

Qurbanov yetirmələrinin oyun zamanı bir-birlərinə tez-tez irad bildirmələrinə də aydınlıq gətirib: “Yeni komandaya gələndə sistem dəyişikliyi baş verir. Bu, futbolçular arasında bir qədər anlaşılmazlığa yol açır. Çalışacağıq ki, bu hallar bir daha təkrarlanmasın. Oyunçulara bir-birlərinə söz atmaq ixtiyarı verilmir. Bütün bunlar qarşıdakı günlərdə yoluna qoyulacaq. Futbolçular başa düşməlidirlər ki, meydançada danışmaq yox, futbol oynamaq lazımdır”.

Gənc çalışdırıcı komandasının aqressiv oyun sərgiləməsi ilə bağlı sualı isə belə cavablandırıb: “Bundan öncəki matçların görüntülərinə baxanda görmüşəm ki, ikili mübarizələrdə məğlub olanda komandanın vəziyyəti çətinləşir. Həm “Kəpəz”lə, həm də “Qəbələ” ilə görüşdən əvvəl bunu oyunçulara göstərirdik ki, gərək təkbətək mübarizələrdə uduzmayaq, epizodlardan uzaq olmayaq. Bacardıqları qədər əllərindən gələni etdilər. Əsas odur ki, əlimizi yanımıza salmamalı, işimizi davam etdirməliyik”.
 

0