“İrəli getməyi düşünürəm” - Qurban Qurbanovun “İnter”dən transfer etdiyi qapıçı
26.12.2019 - 14:46
“İrəli getməyi düşünürəm” - Qurban Qurbanovun “İnter”dən transfer etdiyi qapıçı

“İnter”dən “Qarabağ”a Qurban Qurbanovun istəyi ilə keçmişdim. Sadəcə yaş artdıqca boyla bağlı problemlərim oldu. Ona görə də böyük futboldan getdim”. 

Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq qapıçısı Ağaseyid Qasımov deyib.

17 və 19 yaşadək millinin qapıçısı “İnter”də (hazırkı “Keşlə” - red) oynayarkən gələcəyinə böyük ümidlər bəslənilsə də, sonradan futbolu futzala dəyişib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun istəyilə Bakı təmsilçisindən Ağdam klubuna transfer edilən Qasımov hazırda Azərbaycan Yüksək Liqasında çıxış edən Quba “Premier”inın qapısını qoruyur. Onun sözlərinə görə, boyunun uzanmaması səbəbindən problemlər yaşayıb: “Futbolda qalmaq istəyirdim. Sadəcə boyum qısa qalması çətinliklər yaratdı. Futzal klubunda da yeni çıxış etməyə başlamışam. Məşq edib, irəli getməyi düşünürəm”.

“Premier”ə təzə qoşulmasına baxmayaraq, Azərbaycanın futzal üzrə əsas millisinə namizəd hesab olunan 22 yaşlı çərçivə qoruyucusu üzərində səylə çalışacağını deyib: “Hər şey insanın özündən asılıdır. Əlbəttə ki, futbolla müqayisədə futzal mənə daha çətin gəlir. Hələ təzə başlamışam. Çalışıb daha güclü olmaq istəyirəm. Milli komandaya dəvət almağa gəlincə, hələ bu barədə məlumatım yoxdur. Çağırmasalar belə, məşq edəcəm ki, daha güclü olum və yığmaya dəvət alım. Azərbaycan millisində oynamaq mənim üçün böyük şərəfdir”.

0
Qurban Qurbanov Ağaseyid Qasımov futzal