“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədovun Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə oyunu (1:2) buraxmasının səbəbi müəyyənləşib.
Ağdamlıların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə apasport.az saytına açıqlamasında 26 yaşlı oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib.
Klub rəsmisi milli komandanın üzvünün növbəti turda da iştirakının sual altında olduğunu deyib: “Rahil oyundan əvvəlki məşqlərin birində zədələndiyi üçün “Neftçi” ilə matçın iştirak ərizəsinə salınmamışdı. Hazırda komandadan ayrıdır. “Sumqayıt”la qarşılaşmaya hazır olub-olmayacağı hələ məlum deyil”.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü fevralın 19-da “Kapital Bank Arena”da keçiriləcək.