Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi aparıcı oyunçusu Dimitris Pelkası itirib.
Yunanıstan millisinin üzvü Super Liqanın XXII turunda “Rizəspor”la görüşün 61-ci dəqiqəsində zədələnərək əvəzlənib. Tibbi müayinədən sonra 28 yaşlı pleymeykerin əzələsində iki yırtıq aşkarlanıb. Pelkasın iki həftə kollektivdən uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, futbolçu “Hatayspor” (2 fevral) və “Qalatasaray”la (6 fevral) qarşıdakı matçları buraxacaq. Onun həmçinin “Karagümrük”lə (13 fevral) görüşdə iştirakı da sual altındadır.
Qeyd edək ki, “Rizəspor” üzərində 1:0 hesablı qələbə qazanan “Fənərbaxça” hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.