“Belçikada olanda yeni bir ölkədə sıfırdan başlamaq qərarına gəldim və Azərbaycana yollandım”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Raysel deyib.
Ölkəsi Fransa mətbuatına karyerası ilə bağlı geniş müsahibə verən PSJ-nin yetirməsi Azərbaycana gəlişindən də bəhs edib. O, bu yolda Abdelrafik Cerardin vasitəçilik etdiyini söyləyib: “Mənimlə PSJ-də birlikdə olan Abdelrafik Cerard “Qəbələ” ilə müqavilə bağlamışdı. Hər bir hadisə başqa birinə yol açır. O, klubun idman direktoruna mənim barəmdə məlumat verdi və oyunlarımın videolarına baxdılar. Mənimlə söhbətində əsl inam hiss etdim, gəlməyimi istədilər. İstədiyim də məhz bu idi: inam, oyun şansı və yeni bir başlanğıc. Yenidən başlamağım üçün hər şey var idi”.
28 yaşlı hücumameyilli oyunçu “Qəbələ”də özünü yaxşı hiss etdiyi üçün yeni müqavilə imzaladığını vurğulayıb: “Qəbələ”dəki ilk mövsümümdə 4 oyunda 4 qol vurdum, üstəlik, məhsuldar ötürmə verdim. Fərdi baxımdan mənim üçün çox yaxşı oldu. Ancaq koronavirus pandemiyası hər şeyi alt-üst etdi. Çempionat dayandırıldı və ardından mövsüm yarımçıq başa çatdırıldı. Buna baxmayaraq, klubumdan yeni 1 illik müqavilə təklifi aldım. Burada özümü yaxşı hiss etdiyim üçün ötən ilin yayında sözləşməmi yenilədim. Artıq bir ildir burdayam, hər şey yaxşı gedir. Səhhətim və ya fiziki formamla bağlı problemim yoxdur. Bir sıra oyunlar keçirmişəm. Ümid edirəm ki, Avropadakı və ya ətrafındakı digər klubların diqqətini çəkəcəyəm. Əsas odur ki, zədədən əvvəlki formamı bərpa edə bilmişəm”.
Raysel mövsümün sonunda komandasını dəyişəcəyini istisna etməyib: “Bütün təkliflərə açığam. Hansısa ölkəyə və ya kluba “yox” deyə bilmərəm. Koronavirusla bağlı klubsuz qalan istedadlı keçmiş komanda yoldaşlarımdan bəzilərini gördükdə, üstəlik, klublar büdcələrini və heyətlərini azaltdıqları üçün bir neçə oyunçunu kənarlaşdırdıqlarından, çox seçici ola bilmərəm. Sabah Azərbaycanda yeni bir maraqlı təklifim olsa, bəlkə də, maraqlanaram. Ancaq Avropada, hətta Fransada bir klub maraqlansa, hər imkanı öyrənərəm. Bu yay azad agent olmaq mənim üçün bəzi qapıları aça bilər”.