“Oyuna yaxşı başladıq. Amma birinci hissədə orta sahədə kompaktlığı itirdik, nəticədə üstünlük rəqibin tərəfinə keçdi”.
Apasport.az saytının məlumatına görə, bu sözlər “Sabah”ın baş məşqçisi Murad Musayevə məxsusdur.
Rusiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi”ylə 1:1 hesablı heç-heçə etdikləri ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında fikirlərini bölüşüb: “İkinci hissədə daha kompakt futbol oynadıq. İlk yarıdakı problemləri düzəltdik. Yaxşı qol vurduq, müxtəlif uğurlu kombinasiyalar yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Düşünürəm ki, azarkeşlər oyundan razı qalmalıdırlar. Cavab görüşü öncəsi yenə də şanslar yarı-yarıyadır”.
Musayev hələ də yeni transferə ehtiyac duyduqlarını söyləyib: “Qış toplanışında güclü rəqiblərlə yoxlama görüşləri keçirdik. Bu da hər oyunda artırmağımıza kömək oldu. Transfer pəncərəsinin bağlanmasına hələ bir neçə gün vaxt var. Düşünürəm ki, bu yaxınlarda bir neçə oyunçu bizə qoşulacaq. Qışda oyunçu almaq çox çətindir. Kimi gəldi gətirmək də istəmirik. Çox istərdim ki, Vaqner Lav "Sabah"a gəlsin. Ona təklif göndərmişdik, ancaq Danimarkada çıxış etməyi üstün tutdu. Bəlkə də, 100 futbolçuya baxmışdıq. Çox çətin idi. Amma hazırda yaxşı komandamız var. Uşaqlardan razıyam”.
O, "Sabah"ın qış fasiləsindən əvvəlki durumu ilə indiki vəziyyətini müqayisə etməyin tərəfdarı olmayıb: "Çox az oyunlar keçib. Dəyişiklik barədə danışmaq üçün tezdir. Bunları mövsümün sonunda danışmaq olar. İndiki vəziyyətdə ən yaxşı göstərici stabillikdir".
Murad Musayev "Krasnodar" və "Ferensvaroş"dan təklif alması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Sabah"a gəlməzdən əvvəl 3-5 təklif var idi, onlar arasında "Ferensvaroş" da var idi. Ancaq onlar avstriyalı məşqçi üzərində dayandılar".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı fevralın 12-də olacaq.