“Yerimizə göz dikən iki canavar var” – Simeone
14.03.2021 - 15:15
“Yerimizə göz dikən iki canavar var” – Simeone

“İkinci hissə yaxşı keçdi, qalib gələ bilərdik, ancaq bir xalla kifayətlənməli olduq. İkinci yarıdakı “Atletiko”dan xoşum gəldi”.

Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının XXVII turunda “Xetafe” ilə oyun barədə danışarkən deyib.

0:0 hesabı ilə başa çatan görüşü dəyərləndirən argentinalı mütəxəssis sona qədər zirvədə qalmaq istədiklərini söyləyib: “Heç-heçə mənim üçün geriləmək deyil. Əksinə, irəliləyirik. Bərabərlik və qələbə həmişə müsbət nəticələrdir. Bu görüşün nəticəsi də gözlənilməz deyildi. Mövsümün böyük hissəsini lider kimi keçiririk. Çox oyun qalmayıb. Əsas rəqiblərimizdən həm “Barselona”, həm də “Real” irəliləyir. “Atletiko”nun arxasında yerimizə göz dikən iki canavar var. Onların mövsümün sonuna qədər uduzmayacaqları məlumdur. Biz də öz yolumuzla gedəcəyik”.

Qeyd edək ki, “Atletiko” hazırda 63 xalla turnir cədvəlinə başçılıq edir. “Real”ın aktivində 57, ehtiyatında bir oyun olan “Barselona”nın isə 56 xalı var.