“Ziyafət, əl yükü, hava limanı...” - Stanislav Namaşko
27.05.2021 - 10:16
“Ziyafət, əl yükü, hava limanı...” - Stanislav Namaşko

“Ziyafət, əl yükü, hava limanı. Kubokdakı qələbəni belə qeyd etdim. Çox bayram etməyə vaxt yoxdur. İndi hava limanındayam”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova mətbuatına açıqlamasında deyib.

Ölkəsinin yığmasına yollanan 35 yaşlı qolkiper Azərbaycan kubokunu qazanmaqla hədəflərinə çatdıqlarını söyləyib: “Çempionat bizim üçün uğursuz keçdi. Qarşımıza qoyulan məqsəd ötənilkindən aşağı yerdə olmamaq və avrokuboklara vəsiqə qazanmaq idi. Mövsümün sonuna yaxın axırıncı pillədən qurtulduq və avrokuboklara vəsiqə əldə etdik. Yəni rəhbərlik tərəfindən qoyulan tapşırıq yerinə yetirildi. Futbol ili qeyri-bərabər keçdi, yaxşı oyunlar da, uğursuzluqlar da oldu. Sonluq yenə də layiqli oldu, kuboku qazandıq”.

Namaşko iyunun 6-da Kişinyovda Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə də münasibət bildirib: “İstənilən halda dörd mövsüm birlikdə olduğum uşaqları görmək çox xoş olacaq. Bəziləri ilə rəqib olduq, bəziləri ilə komanda yoldaşı. “Keşlə”dən iki müdafiəçi Azərbaycan millisinə çağırılıb - Şəhriyar Əliyev və Azər Salahlı. Onlarla Kişinyovdakı oyunu müzakirə etmişik. İdman həyatımı bir yerdə keçdiyim futbolçularla görüşmək xoşdur”.
 

0