Ramal Hüseynov: “Bakı” birinci dövrə ilə müqayisədə zəifləyib”
29.03.2008 - 12:50
Ramal Hüseynov: “Bakı” birinci dövrə ilə müqayisədə zəifləyib”
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Nəticələrdən görünür ki, “Bakı” zəifləyib. Birinci dövrədəki komanda daha güclü idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib. Birinci dövrədə “Bakı”da çıxış edən futbolçu sabiq komandasına qarşı oynaya bilməyəcək: “Çox istəyərdim ki, “Neftçi”nin heyətində Premyer Liqadakı debütüm sabiq komandama qarşı olsun. Lakin bizim komandada heyət oyundan bir gün əvvəl açıqlanır. Artıq adımın “18-lik”də olmadığını bilirəm”. Birinci dövrədə “Neftçi”nin daxili yarışlar tarixində ən acınacaqlı məğlubiyyətini aldığı oyunda “Bakı”nın heyətində olan R.Hüseynov həmin qələbəni təsadüf saymır. Onun fikrincə, indiki durumda oyunun favoriti yeni komandasıdır: “Həmin qarşılaşmada biz, yəni “Bakı” çox güclü idi. Meydanda canımızı qoyub 5:1 hesabı ilə qalib gəldik. Həmin vaxtdan sonra “Neftçi” xeyli güclənib. İnanmıram ki, 5 qol vurmaqla, o məğlubiyyətin əvəzini çıxa bilək”.
0