Azərbaycan futbol yığması yeni antirekord müəyyənləşdirib
09.04.2008 - 13:38
Azərbaycan futbol yığması yeni antirekord müəyyənləşdirib
137-ci pilləyə düşən komandamız sonuncu dəfə 12 il öncə belə uğursuzluqla üzləşib. 1996-cı ilin fevralında reytinq açıqlanarkən Azərbaycan 141-ci pillədə qərarlaşıb. Milli komandamız dünya futbol qurumunun sıralamasında ən pis halda 15 pillə geriləyib. Bu, 2003-cü ilin avqustunda baş verib ki, həmin vaxt yığmamız 120-ci pilləyə düşüb. Azərbaycan millisi ilk oyununu 1992-ci ilin sentyabrın 17-də keçirsə də, bundan iki il sonra, FİFA-nın üzvü olan vaxtdan reytinq cədvəlinə düşür. 1994-cü ilin iyununda sıralamaya 170-ci pillədən başlayan komandamız heç vaxt bu mövqedən geridə olmayıb. Yığmamız FİFA-da 14 illik reytinq sıralamasında ən yaxşı halda, 97-ci pilləyə yüksəlib. Azərbaycan ilk “yüzlüy”ü 1999-cu il iyun - 2000-ci il fevral aralığında tərk edib.
Qeyd edək ki, yığmamız FİFA-nın 207 ölkənin yer aldığı son reytinqində ən çox geriləyən iki komandadan biridir. Bu, millimizi qabaqlayan Əlcəzairdir ki, məşhur futbolçu Zinəddin Zidanın həmyerliləri 23 pillə geriləyərək 101-ci yerə düşüblər. Hesabında 195 xal olan milli komandamız UEFA-nın reytinqində 53 ölkə arasında 48-dir. Yığmamız Çernoqoriya, Lüksemburq, Andorra, Farer adaları və San-Marinonu qabaqlayıb.
0