“Olimpik” 31 qələbədən 17-ni 1:0 hesabı ilə qazanıb
09.04.2008 - 15:42
“Olimpik” 31 qələbədən 17-ni 1:0 hesabı ilə qazanıb
Ardıcıl ikinci oyunda bu hesabla qalib gələn bakılılar hələ birinci dövrədə bir dəfə 4, bir dəfə isə 2 oyunda bu hesabı sıralamışdı. Ümumilikdə, “Olimpik”in Premyer Liqa tarixinə baxanda da bakılıların 1:0-a meylli olduğu görünür. Komanda indiyədək keçirdiyi 69 görüşün 31-də qalib gəlib ki, qələbələrin yarıdan çoxu bir qol hesabına əldə olunub. Belə ki, paytaxt klubu 17 qolla 17 qələbə qazanıb. Maraqlıdır ki, “Olimpik”in Premyer Liqa tarixində ilk uğuru da bu hesabla olub. 2005/06 mövsümündə Peter Kurçubiçin rəhbərliyi altında cəmi 5 qələbə qazanan bakılılar 2 dəfə 1 qolla rəqibini keçmişdi. İlk qələbə isə Gəncədə serbiyalı Srcan Balyekin qolu ilə rəsmiləşmişdi. Ötən mövsüm ərəfəsində “Olimpik”ə baş məşqçi təyin olunan Əsgər Abdullayev isə həm qələbələrin, həm də 1:0-ların sayının artmasında pay sahibi oldu. 2006/07 mövsümündə 11 qələbənin 5-ni bu hesabla əldə edən paytaxt klubu çalışdırıcının rəhbərliyi altında qazandığı 26 qələbədən 15-də bir qol vurub.





0