Ramin Musayev: “Kimi istəyirlər, onu da gətirsinlər”
10.04.2008 - 15:43
Ramin Musayev: “Kimi istəyirlər, onu da gətirsinlər”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Olimpik” klubu ilə qarşıdakı oyunumuzun əcnəbi hakimlərin idarə etməsinə qarşı çıxmıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Aprelin 13-də Premyer Liqanın XXI turu çərçivəsində “Olimpik”lə “Şəfa” stadionunda keçiriləcək matçı əcnəbilərin idarə edəcəyindən xəbərsiz olan R.Musayev çempionluq uğrunda vacib görüşdə hakimlik məsələsinə loyal yanaşıb: “Kimi istəyirlər, onu da gətirsinlər, özləri bilərlər. İnşallah, “Olimpik”i məğlub edəcəyik”. Premyer Liqanın cari mövsümündə əcnəbi hakim praktikasından istifadə olunub ki, bu elə “Neftçi”nin matçına təsadüf edib. Flaqman XVII tur çərçivəsində “İnter”lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda 2:0 hesabı ilə qələbə qazansa da, vitse-prezident almaniyalı Mark Simonnun başçılıq etdiyi hakimlərin idarəçiliyindən tam razı qalmayıb.
0