Məlik Həsənov: “Azərbaycan kubokunun final matçının mayın 28-də keçirilməsi problem yarada bilərdi”
01.05.2008 - 16:29
Məlik Həsənov: “Azərbaycan kubokunun final matçının mayın 28-də keçirilməsi problem yarada bilərdi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Təqvimdə edilən dəyişiklik ilk növbədə milli komanda ilə bağlıdır. Yığmanın Andorra ilə yoldaşlıq görüşü iyunun 4-də nəzərə tutulsa da, iyunun ilk günündə Bosniya və Herseqovina ilə matç da salındı”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan kubokunun final oyununun vaxtını Premyer Liqanın son turundan əvvələ keçirilməklə, həlledici matça hazırlaşmağa çox vaxt ayırıblar. M.Həsənov son turun matçlarının formallığa çevrilməsi variantını da istisna etmir: “Milli komandamız qarşıdakı yoldaşlıq görüşünə hazırlıq məqsədilə mayın 29-da bir araya gələcək. Baş məşqçi almaniyalı Berti Foqts bu ərəfədə yığma üzvlərinin oyununu izləmək istəyir. Biz də məsləhətləşdikdən sonra kubokla Premyer Liqada yerdəyişmə etdik. Futbolçular yığma hazırlığı öncəsi oyun praktikası qazanacaq. Özü də Foqts mayın 28-də yox, bir gün əvvəl keçiriləcək görüşlərdə namizədləri izləmək fikrindədir”. Final iştirakçıları “Xəzər-Lənkəran”la “İnter”in rəhbərliyini məlumatlandırdığını deyən AFFA rəsmisi teleyayım məsələlərini də nəzərə aldıqlarını qeyd edib: “Mayın 28-i dövlət bayramı ilə əlaqədar ölkədə bir sıra tədbirlər keçiriləcək. Telekanallar da bu tədbirləri işıqlandıracağından, final matçının yayımlanması ilə bağlı problem yaranacaqdı. Ancaq mayın 24-də belə çətinlik olmayacaq və saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq final oyunu canlı yayımlanacaq. Hələlik “Xəzər-Lənkəran” – “İnter” matçını hansı kanalın göstərəcəyini müəyyənləşdirməmişik”.
0