Ağasəlim Mircavadov ukraynalı baş məşqçilərə uduzmayıb
08.05.2008 - 11:29
Ağasəlim Mircavadov ukraynalı baş məşqçilərə uduzmayıb
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan Premyer Liqasında ukraynalı mütəxəssislərə uduzmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, XXIV tur çərçivəsində “Neftçi” ilə görüşəcək lənkəranlıların 61 yaşlı çalışdırıcısı 21-ci dəfə Ukraynadan olan həmkarı ilə münasibətlərini ayırd edəcək. Anatoli Demyanenko ilə baş məşqçi kimi ilk oyunadək A.Mircavadov “Neftçi”də 8, “Xəzər-Lənkəran”da isə 12 dəfə bu ölkə təmsilçiləri ilə qarşılaşıb. Flaqmanda 6, cənub təmsilçisində 9 dəfə ukraynalı həmkarı ilə üz-üzə gələn mütəxəssis bu oyunlarda 7 qələbə qazanıb, 8 dəfə heç-heçə ilə kifayətlənib. Daha 5 dəfə ölkə kubokunda A.Demyanenkonun həmyerlilərini sınağa çəkən A.Mircavadovun yetirmələri bu görüşlərdə qol da buraxmayıb. Üç qələbə əldə edən 61 yaşlı çalışdırıcı 2 dəfə qarşılaşmadan heç-heçə ilə ayrılıb ki, bu matçların birindən sonra məğlubiyyətə üzülüb. Lakin 2004/05 mövsümündə A.Mircavadovun rəhbərlik etdiyi “Neftçi” “İnter”ə oyunda yox, matç sonrası penaltilər seriyasında məğlub olub.
Qeyd edək ki, ukraynalılara 10 dəfə qalib gəlib, 10 dəfə bərabərliklə ayrılan A.Mircavadovun komandaları 29 top vurub, 13-nü buraxıb.
0