Vitali Şevçenko: “Banişevskidən meydanda yaxşı açılmaq və zərbə mövqeyinə çıxmaq bacarığını öyrəndim”
09.05.2008 - 10:33
Vitali Şevçenko: “Banişevskidən meydanda yaxşı açılmaq və zərbə mövqeyinə çıxmaq bacarığını öyrəndim”
Odessa. Mehman Süleymanov-APA-Sport. “Futbola demək olar qundaqdan düşmüşəm. İdman ailəsində böyüyüb, boya başa çatmışam. Anam Bakıda tanınan voleybolçu, idman ustası olub. Atam isə Bakının “Neftçi” klubunda çıxış edib. Deyilənə görə, pis müdafiəçi olmayıb”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq hücumçusu Vitali Şevçenko deyib. Hazırda Odessa “Çernomorets”ini çalışdıran həmyerlimiz yerli mətbuata müsahibəsində futbola gəlişinin təsadüfi olmadığını deyib: “Atamla anam idmançı olduqları üçün, ailəmizdə əsl idman ab-havası hökm sürürdü. Valideynlərimiz mənimlə kiçik qardaşım Vadimi idman ruhunda tərbiyələndirirdi. Nəticədə qardaşımla uşaqlıqdan futbola bağlandıq. Düzdür, Vadim qapıda durarkən çiynindən zədə aldığından daha oynamadı. Hər halda, tanınan futbol hakimi, FİFA referisi olub. Uzun illərdir Kiyevdə yaşayan qardaşım hazırda Ukrayna Futbol Federasiyasında çalışır. Mən isə 16 yaşımdan yavaş-yavaş “Neftçi”də oynamağa başladım”. “Neftçi”yə düşdüyü üçün özünü xoşbəxt hesab edən V.Şevçenko 1968-ci ildə əsas heyətin daim üzvünə çevrildiyini söyləyib. O, 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı olan hücumdakı tərəfdaşları Eduard Markarovla Anatoli Banişevskidən razılığını ifadə edib: “Neftçi” ilə yanaşı, SSRİ yığmasında da çıxış edən, sovet futbollunun dahiləri hesab edilən Markarov və Banişevski ilə meydanda bir yerdə olarkən, özümü çox yaxşı hiss edirdim. Təkcə onlar yox, bütün komanda mənə qarşı yaxşı münasibət göstərirdi. Banişevskidən meydanda yaxşı açılmaq və zərbə mövqeyinə çıxmaq bacarığını öyrəndim”.
0