Ağasəlim Mircavadov: “Demyanenkoda Lobanovski möhürü var”
09.05.2008 - 11:39
Ağasəlim Mircavadov: “Demyanenkoda Lobanovski möhürü var”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Neftçi”nin qonağı olacaq “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Onun sözlərinə görə, rəqibdən fərqli, komandasının çempionluq şansının az olması oyunun prinsipiallığını azaltmır: “Meydanda sonadək gərgin mübarizə gedəcək. Çoxları elə hesab edir ki, bizim üçün çempionat artıq başa çatıb. Əslində bu fikir “Xəzər-Lənkəran” kimi iddialı kluba yaddır. “Neftçi” ilə görüşə qələbə üçün çıxacağıq. Belə oyunlardan sonra çoxlu söz-söhbətlər yaranır. Əsas istəyim ittihamların səslənməməsidir”. Üç il öncə Gəncədə keçirilən “qızıl oyun”da “Xəzər-Lənkəran”ı məğlub etməklə “Neftçi”ni çempion edən A.Mircavadov keçmiş komandasını yaxşı tanımasını özü üçün üstünlük sayır. Bununla belə, arxayınlaşmayan 61 yaşlı mütəxəssis “Neftçi”nin sükanı arxasında olan ukraynalı həmkarını da dəyərləndirib: “Futbolda gözlənilməzliklərə hazır olmalısan. Anatoli Demyanenko güclü futbolçu olub. 1987-ci ildə “Neftçi”ni çalışdırdığım vaxtda Bakıda Kiyevin “Dinamo” klubunu 3:1 hesabı ilə məğlub etdik. Demyanenko həmin matçda iştirak edirdi. Onun yaxşı oyununu xatırlayıram. Ola bilsin ki, Demyanenko məni xatırlamasın. Futbolçunun məşqçini unutması mümkündür. Ancaq məşqçi adətən futbolçunu xatırlayır. Demyanenkoda Valeri Lobanovski möhürü var. Çünki belə bir yüksək səviyyəli mütəxəssisin əlinin altından çıxıb”.
0