Bosniya və Herseqovina - Azərbaycan görüşü boş tribunalar önündə keçirilə bilər
29.05.2008 - 10:01
Bosniya və Herseqovina  - Azərbaycan görüşü boş tribunalar önündə keçirilə bilər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İyunun 1-də Zenitsa şəhərində keçiriləcək Bosniya və Herseqovina - Azərbaycan yoldaşlıq görüşünə bilet satılmır. “APA-Sport” agentliyinin məlumatına görə, yerli azarkeşlər “Bilino Polye” stadionunda baş tutacaq matçı boykot etmək qərarına gəliblər. Belə ki, Zenitsa şəhərinin küçələrində Azərbaycanla qarşılaşmaya gəlməməklə bağlı şüarlar yapışdırılıb. “Qoy meydana federasiya rəsmiləri çıxsınlar”, “Bilino Polya”ya heç kim, hamı “Kosevo”ya” plakatlarında azarkeşləri Elvir Boliç və Meho Kodronun dostlarının şərəfinə keçirilən matça çağırış səslənir. Eyni zamanda yığmanın baş məşqçisi Deniyel Piriç imtina edən oyunçuların əvəzinə yenilərini çağırsa da, sonuncular da dəvətdən imtina edib. Yerli çempionatda çıxış edən futbolçuların da imtinasından sonra bu siyahıda 24 oyunçunun adı var. FİFA-nın cəzasından çəkinən Bosniya və Herseqovina Futbol Federasiyası yalnız bu sanksiya ilə üzləşməmək üçün oyunun keçirilməsindən imtina etmir.
0