“Xəzər-Lənkəran” Avstriyada dörd yoxlama oyunu keçirəcək
05.06.2008 - 17:42
“Xəzər-Lənkəran” Avstriyada dörd yoxlama oyunu keçirəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Ardıcıl iki il Azərbaycan kubokuna sahib çıxan “Xəzər-Lənkəran” klubu Avstriyaya iyunun 24-də yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın baş məşqçisi Ağasəlim Mircavadovun sözlərinə görə, UEFA kubokuna hazırlıq məqsədilə bu ölkədə 16 günlük təlim-məşq toplanışı planlaşdırılıb: “Hazırlıq planımızı artıq müəyyənləşdirmişik. Bu ayın 19-da Bakıda bir araya gələndən sonra futbolçular tibbi müayinədən keçəcək. Beş gündən sonra Avstriyaya yollanmaq nəzərdə tutulub”. Avrokuboklara hazırlıq müddətində yoxlama oyunlarına xüsusi diqqət yetirən təcrübəli mütəxəssis püşkatmanı gözləyir: “UEFA kubokunda rəqibimiz bu ayın sonunda müəyyənləşəcək. Yoxlama oyunundakı rəqiblərimiz Avstriyaya gələn komandalar olacaq. Ora Avropanın bir sıra ölkələrinin təmsilçiləri gəlirlər. Yəni, seçim imkanı genişdir. Dörd sınaq matçı keçirmək lazımdır ki, tarixləri iyunun 29-u, iyulun 2-si, 6-sı və 9-u göstərmişəm”.
0