“İnter” favorit, “Olimpik” isə autsayderdir
14.07.2008 - 12:20
“İnter” favorit, “Olimpik” isə autsayderdir
Bakı. Aqşin Əliyev - APA-Sport. Çempionlar Liqası və UEFA kubokunda Azərbaycanı təmsil edəcək klubların oyunlarına pul qoyuluşları təşkil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, bukmeyker kontorları Çempionlar Liqasının debütantı Bakının “İnter” klubunun şansını yüksək qiymətləndiriliblər. Birinci təsnifat mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda “Rabotniçki” (Makedoniya) ilə görüşəcək Valentin Xodukinin komandasının qələbəsi 1.47 əmsala bərabərdir. Heç-heçə 3.50, “Rabotniçki”nin qalibiyyəti isə 6.75 əmsalla dəyərləndirilib.
İyulun 17-də eyni stadionda UEFA kubokunun birinci təsnifat mərhələsində mübarizə aparacaq “Xəzər-Lənkəran”ın şansları Polşanın “Lex” komandasından az göstərilib. Lənkəran klubunun qələbəsinə proqnoz verənlər qoyduqları pulun 2.45 mislində qazana bilərlər. “Lex”in Bakıdan 3 xalla dönmək ehtimalının daha çox olduğunu göstərən kontorlar qonaqların qalibiyyətinə 2.35 əmsal veriblər. Bərabərlik isə 3.35 əmsala bərabərdir. Həmin gün analoji turnirdə, amma Serbiyada çıxış edəcək “Olimpik” aşkar autsayder qismində təqdim olunub. Yerli “Voyvodina”nın qələbəsi 1.50, “Olimpik”in uğuru isə bundan təxminən 4 dəfə çox – 5.50 əmsalla qiymətləndirilib. Qarşılaşmanın heç-heçə başa çatmaq variantı isə 3.50 əmsalla göstərilib.
0