Azərbaycan güclüdür, yoxsa Ermənistan?
19.06.2009 - 12:37
Azərbaycan güclüdür, yoxsa Ermənistan?
Məşhur “Bwin” bukmeker kontoru milli komandaların 2012-ci il Avropa çempionatında qalib gəlmək şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, üç il sonra baş tutacaq qitə birinciliyinə pul qoyuluşlarının əmsalları açıqlanıb ki, burada da son Avropa çempionları İspaniya yığması titulu qorumaq yolunda əsas favorit sayılır. Onların əmsalı 5,50-yə bərabərdir.

Son birinciliyin finalçısı olan Almaniyanın şansı daha az qiymətləndirilir - 8,00. İtaliya və Portuqaliya isə bu siyahıda üçüncü yerə şərikdirlər - 10,0. İsveçrə və Avstriyada keçirilmiş yarışın bürünc mükafatçıları Türkiyə ilə Rusiyanın üç ildən sonra çempion olmasına isə bukmekerlər inanmır. Bu səbəbdən də, türkiyəlilərin əmsalı 29,00, rusiyalılarınkı isə 21,00-a bərabərdir.

“Bwin” Azərbaycan futbol yığmasını da unutmayıb. Çernoqoriya istisna olmaqla, Avropa çempionatına qatılacaq bütün ölkələrin şanslarını dəyərləndirən şirkət milli komandamıza da pul qoyuluşu qəbul edir. Yığmamızın Avropa çempionu olmaq şansları 1:5001-ə bərabərdir. Yəni, yığmamıza pul qoyanlar üç ildən sonra Ukrayna və Polşadakı birincilikdəki zəfərimizdən 5001 qat zənginləşəcək. Bu 52 ölkə arasında 42-46-cı yerlərdir.

Millimiz kimi, Latviya, Estoniya, Qazaxıstan və Malta da eyni əmsala malikdir. Avropanın ən zəif 6 yığmasının əmsalı isə 10001-dir. Azərbaycandan təxminən ikiqat aşağı səviyyəli sayılan bu komandalar San Marino, Andorra, Lixtenşteyn, Ermənistan, Farer adaları və Lüksemburqdur.
0