Ramin Musayev: Onu qıcıqlandıran pul deyil-MÜSAHİBƏ
02.12.2009 - 17:46
Ramin Musayev: Onu qıcıqlandıran pul deyil-MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- AFFA İntizam Komitəsi “Qəbələ” ilə oyunda meydana kənar əşyalar atıldığına görə, “Simurq”u 2000 manat cəzalandırıb. Bu qərardan sonra Zaqatala klubunun prezidenti Zaur Məmmədov sərt ittihamlar səsləndirib. Sizcə, onun qərara belə reaksiya göstərməsinə səbəb nədir?
- Mənə elə gəlir ki, Zaur Məmmədovu belə reaksiyasına səbəb 2000 manatlıq cərimə yox, onun rəhbərlik etdiyi kluba qarşı bəzi haqsızlıqları eşitməsidir. Bunlar hansı haqsızlıqlardır? Məmmədov “Simurq” yaranandan gündən bəri prezident vəzifəsini daşıyır və qayda-qanunları gözəl bilir. Yaxşı bilir ki, klub Unibank Premyer Liqasında meydana kənar əşyalar atıldığına görə 2000 manat cərimələnib. Söhbət 2000 manatdan getmir. Məsələ burasındadır ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində “Simurq”a qarşı bəzi xoşagəlməz sözlər, ifadələr işlədilir. Halbuki, Azərbaycan futbolunu sevən insan üçün fərqi olmamalıdır ki, hansı klub kimindir, hansı komandanın baş məşqçisi kimdir. Ən vacib odur ki, futbolçular gözəl oyun nümayiş etdirsinlər. Mən özüm “Neftçi”də işləyəndə əsas məqsədimiz komandanın yaxşı oyun göstərməsi olub. Çalışmışıq ki, azarkeş tribunada 90 dəqiqə ərzində hər şeyi unutsun, ancaq futbolu fikirləşsin. Hərdən elə oyun olur ki, stadiona getməyə peşman olursan, deyirsən ki, bircə matç qurtarsaydı, çıxıb gedərdim. Lakin elə qarşılaşmalar da var ki, 90 dəqiqə adama 9 dəqiqə kimi gəlir. Zaur Məmmədovu qıcıqlandıran 2000 manat deyil. O bilir ki, bu cəriməni qeyri-qanuni tətbiq etmək mümkünsüzdür. Məmmədova pis təsir edən “Simurq”a qarşı ögey münasibətdir...

- Yəni, Zaqatala təmsilçisinə mətbuat ögey yanaşır, yoxsa futbol ictimaiyyətinin üzvləri?
- Məmmədovun danışığından, sözlərindən başa düşdüm ki, o, belə münasibətdən narazıdır. O söyləyib ki, “məgər “Simurq” Azərbaycan komandası deyil?” Bu ifadə böyük məna daşıyır.

- “Simurq”a qarşı səsləndirilən ən böyük ittiham odur ki, bu klubu “İnter”lə qardaşlaşmış komanda sayırlar. Mətbuatda “Simurq”la “İnter”in eyni mənbədən maliyyələşdirilməsi ilə bağlı mövzuya dəfələrlə toxunulub. Bəzən futbol adamları da atmacalar işlədirlər, “Simurq” “İnter”in farm-klubu hesab edirlər...
- Çox sağ ol, mən elə bu mövzuya gəlmək istəyirdim. Hamı deyirdi ki, “Simurq” çempionatda “İnter”ə bilərəkdən xal verəcək. Düzdürmü?

- Bir xal verdi...
- Bir xal vermədi. “Simurq” - “İnter” görüşünün videoyazısı var. Mən inana bilmərəm ki, çempionatda ikinci belə gərgin mübarizəli oyun izləyim. “Simurq” “İnter”lə də “döyüşdü”, “Qəbələ” ilə də. Bunun nəticəsidir ki, bəzilərinin yürütdükləri fikirlər boşa çıxdı. Əksəriyyət “İnter”in Zaqatalada asanlıqla 3 xal qazanacağını bildirirdi. Gəlin görək, “Simurq” ikinci dövrədə “İnter”lə görüşdə Bakıdan neçə xalla qayıdacaq. Bu iki komanda ilə əlaqədar söhbətlər 1, 2 və ya 3 il deyil. Oyunlar göstərdi ki, bu, heç də belə deyil.

- Ümumiyyətlə, siz PFL prezidenti olduqdan sonra “İnter” və “Simurq”un himayədarları barədə araşdırma aparmısınızmı? Məsələn, bu yaxınlarda Türkiyə Superliqasında “Ankaragücü” və “Ankaraspor”la bağlı araşdırılma aparıldı və hər iki komanda eyni mənbədən maliyyələşdiyi üçün “Ankaraspor” çempionatdan kənarlaşdırıldı. Analoji araşdırmanı Unibank Premyer Liqasında aparmaq olmaz?
- Aparılıb. “İnter” və “Simurq”un maliyyə mənbəyi eyni deyil. Bu klubların himayədarları tam ayrı-ayrıdır. Üzvlük haqlarının, cərimələrin ödənməsi zamanı maliyyə mənbələri üzə çıxır. Bizə pulların haradan gəlməsi barədə sənədlər təqdim olunur. Adıçəkilən klublara eyni mənbədən maddi vəsait ayrılması qeyri-mümkündür.

- Bəlkə “İnter” və “Simurq” eyni holdinqə məxsusdur, sadəcə, onlara sponsorluq edən şirkətlər ayrıdır?
- Hər halda, belə deyil.

- Zaur Məmmədov bildirib ki, “Qəbələ” ilə oyunda meydana alışqanı AFFA nümayəndəsi özləri atıblar. Necə düşünürsünüz, belə bir hal mümkündür?
- AFFA nümayəndəsi? Vallah, inanmıram ki, AFFA kimi, ciddi qurumun təmsilçisi buna yol versin. Ola bilsin ki, əlindən düşüb, amma onu bilərəkdən meydançaya atmağına inanmıram.

- “Simurq”un prezidenti hətta çempionatdan imtina edəcəklərini də istisna etməyib. Sizcə, bu səmimi bəyanatdır, yoxsa ucuz reklam?
- O, ucuz reklam etmir. Məmmədov demək istəyir ki, Zaqatalanı təmsil edən “Simurq”u Azərbaycan klubu hesab etmirsinizsə, Unibank Premyer Liqasından yarışmırıq. Onun belə açıqlama verməyə haqqı var. Bu bir mesajdır.

- Ramin müəllim, bizdə futbolu çox oynayırlar, yoxsa futbolla çox oynayırlar?
- Futbolçular futbol oynayırlar, futboldankənar şəxslər isə futbolla oynayırlar. İşimizə maneçilik törətmək istəyənlər çoxdur. Amma alınmayacaq. Çünki biz işimizi bilirik və sevirik.

- Kütləvi informasiya vasitələrindən PFL-in bannerlərinin götürülməsi barədə fikirlərinizlə tanış olduq. Qeyd etmisiniz ki, bəziləri banner vasitəsilə mətbuata təsir göstərdiyimizi düşünürdü. Doğrudanmı, bannerləri söz-söhbətlərə son soymaq üçün yığışdırmısınız?
- Mən heç vaxt jurnalistlərə qarşı hörmətsizlik etməmişəm. Həmişə onları müdafiə etmişəm. Hətta bir neçə il öncə AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev “Şəfa”da qapalı mətbuatı keçirirdi və media nümayəndələrini qapıdan buraxmırdılar. Orada hay-küy qaldırdım və jurnalistlərin içəri girməsinə şərait yaratdım. Bu olay sonradan şişirdildi. Hətta dedilər ki, Ramin düz eləməyib. Nə isə... Jurnalistlərə hörmət göstərməyimin səbəbi odur ki, onlar küləyin, yağışın, günün altında oyuna baxır. Soyuq havada klub rəsmisi qızınmaq üçün qaçıb, otağa girir. Jurnalist isə üşüyə-üşüyə sonadək oyunu izləyir. Bu onun sənətidir. Hərçənd, klub rəsmisi axıra qədər matça baxmaq əvəzinə, isinməyə yer axtarır, jurnalist isə qaçmır. Jurnalistin döyüldüyünü, təhqir olunduğunu görmüşəm. Lakin həmin müxbir işini yenə davam etdirib. Həm döyülür, həm söyülür, həm üşüyür, bütün bunlara baxmayaraq, iş başındadır. Onun qazandığı nədir? Sözsüz ki, hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Ümumilikdə, jurnalistikaya böyük hörmətim var. Bannerin yığışdırılmasına gəlincə, çox söz-söhbətlər gəzirdi ki, Ramin Musayevin bunun vasitəsilə jurnalistlər yanında özünə süni hörmət qazanır. Eşitdim və eşitməzliyə vurdum. Axırda sübut etmək qərarına gəldim ki, jurnalistlərlə mənim aramda qarşılıqlı hörmət heç də 200-250 manatlıq bannerdən asılı deyil.

- KİV-də AFFA-nın və klubların da bannerləri gedir. Məgər onlar mətbuata təzyiq göstərirlər?
- Mən bannerdən təzyiq vasitəsi kimi istifadə etsəydim, bunun yığışdırılmasına qərar verməzdim. Çünki PFL-in bannerində Musayev Ramin Namaz oğlu yox, elə bu qurum özü reklam olunurdu. Bannerlər portallarda yerləşdirildikdən sonra PFL-in saytını ziyarət edənlərin sayı çoxalmışdı. Amma bəziləri bunu başqa cür fikirləşirdilər. Ona görə ki, Azərbaycanda reklam bazarı bir o qədər də güclü deyil. Xarici ölkələrdə bir şirkətin reklamı üçün külli miqdarda pullar xərclənir. Bizdə isə 250, yaxud 500 manatlıq reklam verəndə, rəhbər şəxs deyir ki, reklam üçün bu qədər pul sərf etmək nəyə lazımdır?

- I diviziona aid də sual vermək istəyirik. Sizə elə gəlmir ki, I divizionun reqlamenti bərbaddır?
- Nəyə görə belə fikirləşirsiniz?

- Çünki birinci dövrə ilə ikinci dövrə arasında 96 gün fasilə var. Heç orta məktəb şagirdlərinə bu qədər uzun tətil vermirlər.
- Yaxşı, 12 komanda, reqlamenti necə quraq?

- Premyer Liqada olduğu kimi, “altılıq” formatını tətbiq etmək olmazdı?
- Bunu demək yaxşıdır, amma daxildəki problemləri bilmirsiniz axı. I divizionda yarışan klubların 60 faizinin maliyyə imkanları çox aşağıdır. Əgər burada da “altılıq” tətbiq olunsaydı, sabah bütün jurnalistlər yazacaqdılar ki, Ramin Musayev çempionatı dağıtdı.

- Əksinə, bəlkə də jurnalistlər sizi alqışlayacaqdılar ki, Premyer Liqa ilə I divizion eyni sistemlə keçirilir.
- Axı, I divizion klublarının bu qədər pul xərcləməyə imkanı yoxdur. Çempionat yarımçıq qala bilərdi. Mövsümün əvvəlində AFFA və PFL rəhbərliyi birgə qərar verdik ki, 1-ci və 2-ci yeri tutanlar üçün pul mükafatı təsis edək. Məqsəd iştirakçıları həvəsləndirməkdir. Klub rəsmiləri fikirləşirlər ki, indi xərclədikləri pulu mövsümün sonunda 1-ci və ya 2-ci yeri tutmaqla, geri qaytara bilərlər.

- Siz futbola tam başqa sahədən gəlmisiniz. Futbol karyeranızı başa vurmaq haqda düşünmürsünüz?
- Əgər işlədiyin yerdə vəzifənin öhdəsindən gələ bilmirsənsə, gərək oradan üzüsulu gedəsən. Təvazökarlıqdan uzaq da olsa qeyd edim ki, 4 il “Neftçi”də çalışmışam, 1 ildən artıqdır burada işləyirəm. “Neftçi” Çempionlar Liqasında bir mövsümdə 3 qələbəni, eləcə də “Birlik kuboku”nda ermənilər üzərində qələbəni mənim dövrümdə qazanıb. PFL-in ilk prezidenti kimi deyə bilərəm ki, çempionatın səviyyəsi ildən-ilə yüksəlir. Premyer Liqada XII tur arxada qalıb, amma heç kim bilmir ki, “altılığ”a hansı komandalar düşəcək. Bilsəm ki, işimin öhdəsindən gəlməyi bacarmıram, PFL-dən istefa verərəm. Düşünürəm ki, Azərbaycan futboluna məndən xeyir gəlib, nəinki ziyan.