“Bizim məhəllədə belə hərəkət edəni öldürərlər” - FOTO
05.03.2010 - 10:17
“Bizim məhəllədə belə hərəkət edəni öldürərlər” - FOTO
Argentina yığmasının və “Mançester Siti”nin futbolçusu Karlos Teves İngiltərədə seks qalmaqalı yaradan “Çelsi”nin üzvü Con Terri ilə bağlı məsələni daha da qızışdırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Terrinin komanda yoldaşı Ueyn Bricin həyatı yoldaşı ilə intim əlaqədə olmasını pisləyib.

“Fikrimcə, bu olay çox yanlışdır. Dostunun, eyni zamanda komanda yoldaşının xanımına göz dikmək yolverilməzdir. Təkcə onu deyə bilərəm ki, Argentinada, bizim məhəllədə belə hala qəti icazə verməzlər. Belə hadisə baş verərsə, ya qolunuzu, ya da ayağınızı itirə bilərsiniz. Yaxud tamamilə həyatınızla vidalaşmaq ehtimalı da var” - deyə Teves vurğulayıb.

Bu açıqlamaya Terri tərəfindən hələlik cavab gəlməyib. Yeri gəlmişkən, azarkeşlər martın 3-də İngiltərə və Misir yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündə “Çelsi”nin müdafiəçisinə müraciətlə, “Səni bağışladıq!” yazılmış plakat nümayiş etdiriblər.

Xatırladaq ki, Terri “Mançester Siti”nin şərəfini qoruyan Ueyn Bricin həyat yoldaşı ilə eşq macərası yaşayıb. Bu məsələ üzə çıxdıqdan sonra iki futbolçu bir-birinə düşmən kəsilib. Hətta ötən həftəsonu “Çelsi” - “Mançester Siti” matçından öncə Bric Terrinin uzatdığı əli havada qoyub. Öz növbəsində İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello Conu kapitanlıqdan məhrum edib.
0