“Xəzər-Lənkəran”ın stadionu 20 min manat ziyana düşdü
29.03.2010 - 13:09
“Xəzər-Lənkəran”ın stadionu 20 min manat ziyana düşdü
“Xəzər-Lənkəran” klubunun stadionu 20 min ziyana düşüb. Bu haqda apasport.az saytına komandaya məxsus Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev məlumat verib.

Hacıyev Unibank Premyer Liqasının son turunda “Xəzər-Lənkəran” – “Neftçi” oyunu zamanı baş verən insident nəticəsində dəyən zərərin böyük məbləğdə olduğunu bildirib. Direktor buna əsas səbəbkar baş hakim Əfqan Həmzəyevi sayır: “Onun bərbad idarəçiliyi nəticəsində axırda zərbə mənə dəydi. Stadionumuzda 600-dən çox plastik oturacaq sındırılıb, xeyli avadanlıq sıradan çıxıb. Nəticədə 20 min ziyana düşmüşük”.

Stadionda baş verənlər AFFA-nın İntizam Komitəsində müzakirəyə çıxarılacağı şübhə doğurmur. “Xəzər-Lənkəran”a oyunda meydana kənar əşyalar atıldığına və digər insidentə görə böyük məbləğdə cərimə kəsiləcəyi gözlənilir. Hətta cənub klubunu qarşıdakı ev oyunlarını azarkeşsiz keçirməsi təhlükəsi də gözləyir. Elə Hacıyev də bütün bunları göz önünə gətirir: “Bunda əsas ziyana çəkən mən yox, azarkeşlər olacaq. Mən onların halına yanıram. Azarkeşlərimiz “Xəzər-Lənkəran”ın ev oyunlarına gələ bilməmək böyük zərbə olacaq. Onlar hətta məndən xahiş edirlər ki, bizə fəhlə paltarı verin, onu geyinərək, oyun zamanı stadionda olaq”.
0