“Otelə qayıdanda gördüm ki...” - MÜSAHİBƏ
07.04.2010 - 23:45
Əvvəlcədən razılaşdıq ki, futboldan az danışaq. Amma söhbətimiz başa çatanda gördük ki, razılaşmamıza əməl edə bilməmişik. Əslində, bu, heç mümkün də deyildi. 40 yaşına qədər yaşıl meydanlara çıxmış, 10 ilə yaxındır məşqçi işləyən və bu gün - aprelin 8-də 50 illik yubileyini qeyd edən Yaşar Vahabzadə ilə söhbətimizi futbolun cazibəsindən kənara necə çıxara bilərdik?
DƏRSLƏRİMLƏ MƏŞĞUL OLMAĞIMI İSTƏYİRDİLƏR
- Bu 50 il sanki bir anda ötüb-keçib. Elə bil gözümü açıb-yumdum və bir də gördüm ki, 50 yaşı haqlamışam.
- Uşaqlığınız harada keçib?
- Bakıda, Yasamal rayonunda anadan olmuşam, orada da boya-başa çatmışam. Uşaqlığımın keçdiyi evdə, ata yurdumuzda indi qardaşlarım yaşayır. Atam sürücü olub. 8 yaşım olanda anam dünyasını dəyişib. Bu yaxınlarda isə atamı itirmişəm. Bir şeyi qeyd edim ki, insan neçə yaşda olur-olsun, hər zaman valideynlərinə ehtiyac duyur. Yasamalda yerləşən indiki 52 saylı orta məktəbi bitirmişəm.
- Çox vaxt deyirlər ki, futbol yaxşı təhsil almağa mane olur. Doğrudanmı belədir?
- Futbola meylim yaranana qədər yaxşı oxuyurdum. Amma bütün diqqətimi futbola yönəldəndən sonra dərslərimdə geri qalmağa başladım.
- Neçə yaşından futbolla ciddi məşğul olmağa başladınız?
- 8-ci sinifdə oxuyanda artıq bütün diqqətim futbolda idi və yaxşı futbolçu olmaq istəyirdim.
- Adətən, valideynlər övladlarının yaxşı təhsil almasına daha böyük əhəmiyyət verirlər. Futbol ucbatından zəif oxumağınıza evdə münasibət necə oldu?
- Sözün açığı, evdə narazılıq olurdu. Daha çox dərslərimlə məşğul olmağımı istəyirdilər. Amma zaman keçdikcə, daha doğrusu, müəyyən uğurlar əldə etdikcə münasibət dəyişməyə başladı. Uğur dedikdə, sözsüz ki, hansısa böyük titulların qazanılmasını nəzərdə tutmuram. Məsələn, məni yığma komandanın heyətinə cəlb etməyə başladılar və bu amil özü futbola daha çox meyl etməyimlə bağlı evdə yaranan narazılığı aradan qaldırdı və daha etiraz edən olmadı.
- Yaxınlarınız oyunlarınızı izləmək üçün stadionlara gəlirdimi?
- Hərdən böyük qardaşım gəlib oyunlarıma baxırdı. Amma mütəmadi qaydada heç vaxt maraqlanan olmayıb.
- O zamanlar “Neftçi”nin heyətinə düşmək çox çətin idi. Necə xatırlayırsınız o günləri?
- Sözsüz ki, Azərbaycanda futbolla məşğul olan hər kəsin ən böyük arzusu “Neftçi”də oynamaq idi. 1978-ci ildə “Avtomobilçi” klubuna dəvət olundum. Buna qədər isə gənclərdən ibarət Azərbaycan yığma komandasında çıxış edirdim. “Avtomobilçi” əvvəllər Bakını, sonra isə Mingəçeviri təmsil edirdi. 3 il bu klubda oynadıqdan sonra “Neftçi”yə dəvət aldım.
NƏ QAZANMIŞAMSA, FUTBOLUN HESABINA QAZANMIŞAM
- Futbolçu karyeranızı bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərirsiniz. Futbol oynadığınız dövrlərdə məşqçilərinizin verdiyi hansı tövsiyələri bu gün siz də yetirmələrinizə davamlı olaraq xatırladırsınız?
- Azərbaycanın çox tanınmış məşqçilərinin rəhbərliyi altında futbol oynamışam. Ruslan Abdullayev, Kazbek Tuayev, Ağasəlim Mircavadov və adını çəkmədiyim bir çox mütəxəssislərdən bacardığım qədər öyrənməyə çalışmışam. İllər keçəndən sonra fikirləşirəm ki, o zaman məşqçilərimin tapşırıqlarına tam əməl etsəydim, daha böyük nailiyyətlər əldə edərdim, daha yaxşı oynaya bilərdim. Uzun müddətdir ki, gənc və yeniyetmə futbolçularla çalışıram. Onların peşəkar futbolçu kimi yetişməyi üçün bilik və bacarığımı əsirgəmirəm.
- Gənclərdən söz düşmüşkən, sizin futbola yeni gəldiyiniz dövrün gəncləri ilə indikilər arasında hansı fərqlər var?
- İlk növbədə, zamanın hökmü ilə bağlı ortaya çıxan məsələləri qeyd edə bilərəm. Yəni indi bütün sahələrdə, o cümlədən, futbolda da hər şey çox müasirdir. Məsələn, biz oyunlara, təlim-məşq toplanışlarına gedərkən özümüzlə kitab götürərdik, indiki gənclər daha çox noutbuklara həvəs göstərirlər. Sırf futbola gəlincə, oyun dəyişməyib ki, həmin futboldur. Hansısa yeniliklər, çalarlar ola bilər, amma ümumilikdə bizim oynadığımız futbolla indi oynanılan futbol arasında hansısa ciddi fərq yoxdur. Sadəcə, futbola münasibət dəyişib. Gənclər maddiyyat barədə daha çox düşünürlər. Əlbəttə, bu da vacibdir. Futbolçu gələcəyini təmin etməlidir. Amma futbolu ön planda saxlamaq şərti ilə. Şəxsən özümdən danışsam, mən futbola gələndə düşünürdüm ki, görəsən, nə vaxtsa “Neftçi”nin ehtiyat oyunçular skamyasında əyləşə biləcəyəmmi?! Məhz əsl futbolçu olmağı hədəf seçərək “Neftçi”nin heyətinə düşə bildim. Əminəm ki, gənclər bütün diqqətlərini sözün əsl mənasında futbolçu olmağa yönəltsələr, bir müddətdən sonra istənilən məişət problemlərini də həll edəcəklər.
- Artıq 50 yaşı haqlamısınız və həyatınızı futbola həsr etmisiniz. Futbol Yaşar Vahabzadəni maddi cəhətdən nə dərəcədə yaxşı təmin edə bilib?
- Şikayətçi deyiləm. 40 yaşıma qədər futbol oynamışam, sonra isə məşqçiliyə başlamışam. Nə qazanmışamsa, futbolun hesabına qazanmışam.
FUTBOLA ÖZÜ GƏLMİŞDİ, GETMƏK BARƏDƏ QƏRARI DA ÖZÜ VERDİ
- Neçə yaşınızda ailə qurmusunuz?
- 26 yaşım vardı ailə quranda.
- Həyat yoldaşınız da idmanla peşəkar şəkildə məşğul olub. Siz də, xanımınız da mütəmadi olaraq oyunlarda, vaxtaşırı təlim-məşq toplanışlarında iştirak etmisiniz. Çətin deyildimi?
- Hər ikimiz karyeramızı davam etdirdiyimiz vaxtlar çətinliklər vardı. Yəni evdə azyaşlı uşaq varsa, istər-istəməz müəyyən problemlərlə üzləşməli olursan. Bundan başqa hansısa çətinliklə qarşılaşmamışıq.
- Kömək edən olurdumu?
- Həyat yoldaşımın anası, bacıları bizi darda qoymurdular. Biz oyunlarda olanda uşaq onların yanında qalırdı.
- Oğlunuz Fuad da futbol oynayırdı. Yeniyetmələrdən ibarət yığma komandaya da dəvət olunurdu. Amma nədənsə sonradan onu yaşıl meydanlarda görmədik...
- Bəli, Fuad yığma komandanın da heyətində oynayırdı. O zaman komandaya Şakir Qəribov rəhbərlik edirdi. Ad çəkmək istəmirəm, amma bəzi məşqçilər irad tuturdular ki, Yaşar Vahabzadənin oğlu gərək Yaşar Vahabzadə kimi oynasın. Amma bu, mümkün olan şey deyil.
- Nə mənada? Oğlunuz sizin qədər istedadlı futbolçu ola bilməyəcəkdi?
- Söhbət təkcə onun nə dərəcədə istedadlı futbolçu olacağından getmir. İş ondadır ki, hər bir insan necə təkrarolunmazdırsa, hər bir futbolçu da elədir. Yəni mənim oğlum eynən mənim kimi futbolçu ola bilməz. Təəssüf ki, belə söz-söhbətlər çox olurdu və Fuad bildirdi ki, həvəsi yoxdur, futbol oynamaq istəmir. Mən də onun fikrindən daşınması, futbolçu olması üçün təkid etmədim. Futbola özü gəlmişdi və getmək barədə qərarı da özü verdi.
- Çoxmu ədalətsizliklə qarşılaşmısınız futbolçu karyeranızda?
- Həm futbol oynayanda, həm də məşqçi kimi fəaliyyətə başladıqdan sonra ədalətsizliklər, haqsızlıqlar görmüşəm. Futbol da həyatın bir hissəsidir və heç də həmişə ədalətli olmur.
SƏN DANIŞMAYANDA OYUNUMUZ ALINMIR
- Sizi oyunlar zamanı çox zaman emosional görürük. Bütün oyun boyu futbolçulara tapşırıqlar verirsiniz. Bu həmişə belə olur, yoxsa komandanın oyunu sizi qane etməyəndə?
- Futbol oynadığım vaxtlarda da meydançada çox danışırdım. Buna müxtəlif reaksiyalar olurdu. Komanda yoldaşlarımın bəzisi deyirdi ki, Yaşar, bəsdir də, nə çox danışırsan. Amma elələri də vardı ki, deyirdilər, sən danışmayanda, qışqırmayanda, bizim oyunumuz alınmır, qaça bilmirik. Uduzmağı sevmirəm. İndi də oyunlar zamanı mənə elə gəlir ki, hər epizodda futbolçulara nə etməli olduqlarını deməsəm, uduza bilərik. Buna görə də, çox emosional oluram. Amma hakimin final fitindən sonra sakitləşirəm. Mənim üçün bütün emosionallıq, həyəcan, əsəb gərginliyi meydançada qalır.
- Futbolçu kimi ən böyük arzunuz nə olub?
- SSRİ çempionatı dövründə qismət olmasa da, müstəqillik illərində avrokuboklarda oynamaq imkanı qazandım. Bundan əlavə, az da olsa, milli komandanın heyətində çıxış etdim. Doğrudur, böyük uğurlar qazana bilmədik. Amma istənilən futbolçunun arzusudur ki, istər klub, istərsə də milli komandanın heyətində ölkəsini təmsil etsin, Avropanın və dünyanın məşhur komandalarına qarşı oynasın.
- Uğurdan söz düşmüşkən, Azərbaycan klublarının avrokuboklardakı ilk qələbəsində böyük pay sahiblərindən biri də sizsiniz. UEFA kuboku yarışında Sofiya “Lokomotiv”inin qapısından keçirdiyiniz gözəl və eyni zamanda çox vacib qolu nəzərdə tuturam...
- Bəli, həmin oyunda “Neftçi”nin ilk qolunu Vidadi Rzayev vurdu. Çox gözəl qol idi. Mən oyunun son dəqiqələrində fərqləndim və qələbə qazandıq. Həqiqətən də çox vacib qol idi və gözəllikdə də vurduğumuz birinci qoldan geri qalmırdı. Hesab edirəm ki, bu, karyeramdakı ən yaddaqalan qoldur.
- Ümumiyyətlə, “Neftçi”nin heyətində vurduğunuz ilk qolu xatırlayırsınızmı?
- 1984-cü ildə, Bakıda “Paxtakor”un qapısına vurmuşam ilk qolumu. Elə həmin qolun sayəsində də 1:0 hesabı ilə qalib gəldik. Səhv etmirəmsə, 76-cı dəqiqədə fərqlənmişdim.
UEFA NÜMAYƏNDƏSİ ÇIXIŞINDA MƏNİM ADIMI ÇƏKİR
- Həyatınızı məhz futbola bağladığınız üçün nə vaxtsa peşman olmusunzmu?
- Futbolçu olmaq çox çətinliklər bahasına başa gəlir. Amma heç vaxt peşmançılıq hissi keçirməmişəm. 50 yaşdan sonra isə peşman olmağın nə mənası? (gülür)
- Yığma komanda İtaliyada təlim-məşq toplanışında olduğu üçün əlamətdar yubileyinizi Vətəndən, ailənizdən, yaxınlarınızdan uzaqda qeyd etməli olursunuz. Çoxmu olub belə ad günləriniz?
- İndi xatırladıqlarım arasında İspaniyada və Portuqaliyada qeyd etdiyim ad günlərim var. Portuqaliyada UEFA-nın təşkil etdiyi seminarda idim. Avropa futbol qurumunun üzvü olan bütün federasiyalardan həmin seminarda məşqçilər iştirak edirdi. Tədbir iştirakçılarının şərəfinə verilən şam yeməyi zamanı eşitdim ki, UEFA nümayəndəsi çıxışında mənim adımı çəkir. Çıxış ingilis dilində olduğu üçün nə danışıldığını başa düşmürdüm. Moldovalı həmkarlarımzdan biri mənə dedi ki, Yaşar, ad gününü təbrik etmək üçün səni səhnəyə dəvət edirlər. Otelə qayıdanda isə gördüm ki, qaldığım otaqda üstü şamlarla bəzədilmiş tort və şampan şərabı qoyulub. Bu, otel rəhbərliyinin ad günümə hədiyyəsi idi.
- 50 illik yubileyinizdə hansı hədiyyəni almaq istərdiniz?
- Məşhur bir Azərbaycan filmində deyilən və artıq zərb-məsələ çevrilən ifadə var - əsas diqqətli olmaqdır. Hədiyyənin qiymətlisi və dəyərsizi, böyük və kiçiyi olmur. Əsas odur ki, insana diqqətlə yanaşsınlar, əməllərinə düzgün qiymət versinlər. Yubileyim münasibətilə məndən müsahibə alırsınız - bu, mənə göstərilən böyük diqqət və verilən qiymətli hədiyyələrdən biridir.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0