Futbolçularımız Türkiyə yığmasının səhvlərini bağışlamayıb
24.06.2010 - 09:07
Futbolçularımız Türkiyə yığmasının səhvlərini bağışlamayıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Türkiyə yığması ilə oyunda qalib gəlməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, rəqib komandanın baş məşqçisi Vedat Uysal yoxlama görüşündən sonra fikirlərini açıqlayıb.

Türkiyəli mütəxəssis bildirib ki, yetirmələrinin səhvləri meydan sahiblərinin 5:4 hesablı qələbəsində həlledici amil olub: “Bu oyunu 3 hissəyə bölmək olar. İlk hissə kəşfiyyat xarakteri daşıyırdı. İkinci hissədə bizim səhvlərimizdən istifadə edən rəqib üstünlüyü ələ keçirdi və nəticədə hesab 5:1 oldu. Son hissədə fəallaşsaq da, ancaq 3 qol vura bildik. Bu oyun seçmə oyunlar öncəsi bizim üçün çox faydalı oldu”.

Qeyd edək ki, komandalar arasında ilk oyunda qonaqlar qalib gəlmişdi. Türkiyəlilər 2:2 hesabı ilə bitən matçın penalti seriyasında daha üstün olmuşdu – 12:11.

Mənbə: affa.az