“Bakı” klubunun qənimindən Branimir Subaşiçə tam etimad
27.06.2010 - 12:09
“Bakı” klubunun qənimindən Branimir Subaşiçə tam etimad
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu Serbiyanın “Srvena Zvezda” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan Belqrad təmsilçisi yerli “Koper” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Subaşiç bu matçda start heyətində meydana çıxıb və 15-ci dəqiqədəki təhlükəli uzaq zərbəsi ilə meydan sahiblərini narahat edib. Uzun müddət “Srvena Zvezda”dan uzaq düşən Branimirin əsas heyətə dönməsi komandanın yeni baş məşqçisi Radko Dostaniçin adı ilə bağlıdır. Ötən yay Azərbaycan çempionu “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran (0:0, 2:0) Bolqarıstanın “Levski” klubuna rəhbərlik edən serbiyalı bu ildən vətənində çalışır və Subaşiçə tam etimad göstərir.